Şahin Diniyev: Favorit həmişə qalib gəlmir
06.09.2013 - 12:10
Şahin Diniyev: Favorit həmişə qalib gəlmir
Millimiz sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə üz-üzə gələcək. Ramat-Qan şəhərində baş tutacaq görüş ərəfəsində yığmamızın sabiq çalışdırıcısı Şahin Diniyevin fikirlərini öyrəndik. Futbolçu kimi İsraildə 4 mövsüm keçirən təcrübəli mütəxəssis apasport.az saytına müsahibəsində rəqibin özəlliklərini açıqladı.

- Millimiz sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. İsraillə səfər matçında nəyə ümid edə bilərik?
- Real danışsaq, oyunun favoriti İsrail millisidir. Ancaq favorit həmişə qalib gəlmir, yığmamızın da xal qazanmaq şansı var. Hər şey ola bilər. Çox çalışmaq, əzmkarlıq nümayiş etdirmək lazımdır. Onu da deyim ki, bu, İsrailin dünya çempionatına vəsiqə uğrunda mübarizədə son şansıdır. Rəqibi yalnız 3 xal qane edir. Öz azarkeşləri qarşısında qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər.

- Futbolçu karyeranızın bir bölümü İsraillə bağlıdır. Bu ölkənin futboluna yaxşı bələdsiniz. Rəqibin nə kimi özəllikləri var? Onlara qarşı necə oynamaq lazımdır?
- Bəli, İsraildə 4 mövsüm keçirmişəm. Əminəm ki, Berti Foqts rəqibi yaxşı analiz edib. Necə oynamaq lazım olduğunu baş məşqçi yaxşı bilir. Rəqibin özəlliklərinə gəlincə, İsrailin oyun tərzi İspaniya futbolunun yumşaq formasıdır. Onlarda sürət nisbətən zəifdi, lakin topa nəzarət etməyə üstünlük verirlər. Bir ötürmə ilə zərbə mövqeyinə çıxmağı yaxşı bacarırlar. Onlara boş zona vermək olmaz. Keçidləri bağlamaq lazımdır. Hər halda, məşqçilərimiz nə etmək lazım olduğunu bilirlər. İsraillin diqqət çəkən özünəməxsus bir cəhəti yoxdur ki, buna qarşı tədbir görəsən. Rəqib rəngarəng futbol nümayiş etdirir. Hər şeyi nəzərə alınmalıdır.

- Yəqin ki, millimizin Malta ilə oyununu izləmisiniz. Düzdür, İsrail 3 cavabsız qolla üstələdiyimiz Malta deyil, lakin son oyunumza əsasən komandamızdan necə bir futbol gözləyirsiniz?
- Rəqiblər fərqli olduğundan oyunlar da bir-birinə bənzəməyəcək. Komandamız Malta ilə Bakıdakı görüşdə hücum futbolu sərgiləyirdisə, İsraildə müdafiəyə diqqət yetirib, əks-hücumlara bel bağlayacaq. Arxa xəttimiz etibarlı oynamalıdır. Qapını toxunulmaz saxlamağa səy göstərib, şansımızı gözləməliyik.

- İlin sonunda Berti Foqtsla müqavilənin müddəti başa çatır. AFFA almaniyalı çalışdırıcıya əvəzləyici axtardığını açıqlayıb. Foqts isə vətənində verdiyi müsahibədə sözləşməni yeniləmək fikrində olmadığı bildirib. Millinin baş məşqçi postuna dəvət alsanız, yəqin ki, qəbul edərsiniz...
- Bu suala cavab vermək etik normalara uyğun deyil. Əvvəla, Foqts hazırda millinin baş məşqçisidir. Digər tərəfdən, AFFA-dan belə bir təklif almamışam.

- Millidə nələri dəyişmək lazımdır? Baş məşqçi təyin olunacağınız halda hansı dəyişikliklərə əl atarsınız? Elə futbolçu varmı ki, millidə oynamağa layiqdir, amma kənarda qalıb?
- Yuxarıdan aşağıyadək futbola baxış dəyişməlidir, bu, ən vacib məqamdır. Bəlli bir sistem qurulmalıdır. Belə deyək, işləri düzgün təşkil etməklə bir neçə ilə ciddi irəliləyişlərə nail ola bilərik. Hazırda belə bir sistem yoxdur. Biz bilmirik nə istəyirik, nə vaxt istəyirik və kimlə istəyirik. Bu 3 sualla cavab tapsaq, düşünürəm ki, uğur qazanarıq.

- Necə düşünürsünüz, milli komanda əcnəbi, yoxsa yerli mütəxəssisə həvalə olunmalıdır?
- Özümə görə demirəm, hazırda milli komandada əcnəbi çalışdırıcıya ehtiyac yoxdur. Fikrimi əsaslandıra da bilərəm. Yığmaya o vaxt əcnəbi gətirərlər ki, biz seçmə mərhələlərdə vəsiqəni son anda əldən verək. Onda düşünmək olar ki, biz oynayırıq, sadəcə, həlledici anda təcrübə çatmır. Hazır komandanı səviyyəli əcnəbiyə həvalə etmək olar. Yerlilər komandanı döyüşkən vəziyyətə gətirməlidirlər.

- İlin sonunda Berti Foqts yerli mütəxəssislə əvəzlənsə və bəlli sistem qurulsa, AÇ-2016-ya vəsiqə qazanmaq uğrunda mübarizə apara bilərik?
- Etiraf etməliyik ki, bu, mümkün deyil. Bunun üçün hazırda U-19, U-21 yaxşı çıxış etməlidir. Həmin vəsiqə uğrunda bu uşaqlar mübarizə aparmalıdırlar. Lakin təəssüf ki, perspektiv zəifdir. Beynəlxalq oyunlarda sözünü deyə biləcək yeni nəsil yetişməlidir.