Berti Foqts: Mən AFFA-nın işçisiyəm?
06.09.2013 - 13:20
Berti Foqts: Mən AFFA-nın işçisiyəm?
“Azərbaycanlı jurnalistlər bilir ki, biz tam hazırlıq keçə bilmədik. Oyunçular yorğundur, biz 2 gün az hazırlıq keçdik. Amma bizə hazırlıq keçmək üçün 1 həftəlik hazırlıq keçmək söz verildi. Ancaq təəssüf ki, belə olmadı”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Millimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah İsraillə qarşılaşacaq. Görüşdən öncə komandamızın Təl-Əvivdə məskunlaşdığı “Hilton” otelində mətbuat konfransı keçirən almaniyalı çalışdırıcı oyuna hazırlıqdan narazı qalıb.

“Bu, mənim günahım deyil. Buna başqa adamlar cavabdehdir. Bilirik, İsrail güclü komandadır. Oyunçuların yorğunluğunu nəzərə alaraq biz dünən 1 məşq keçdik. “Xəzər Lənkəran”ın “Makkabi” ilə oyunlarını xatırlayırsınız. Burda həmin oyunçular çıxış edir. Buna baxmayaraq, futbolçulara inanıram”

Foqts bildirib ki, rəhbərlik etdiyi komanda səfərdə ev oyunlarındakı kimi çıxış etmir: “Rəşad Sadıqovun kapitan kimi lider keyfiyyətlərini göstərəcəyinə inanıram. İsraildə yaxşı oyunçular var. Hücumda çox güclüdür. Ona görə də kapitandan çox şey asılı olacaq. Mahir Şükürovdan ancaq hücumda yox, müdafiədə də çox şey gözləyirəm. Bakıdakı oyundakı kimi Kamran Ağayev də səhv etməməlidir. Bizi burda çox yaxşı qarşılayıblar. Məşq şəraiti də çox yaxşıdır. 1969-da ilk dəfə İsrailə gəlmişəm. Futbol baxımından İsraildə çox böyük dəyişikliklər var. 12 oyunçusu legionerdir. İsrailin Portuqaliya ilə oyununda onlar yaxşı idilər. Bizi nə gözlədiyini yaxşı bilirəm. Sabah bizim də şansımız var”.

Əməkdaşımızın “Rəqibin heyətində 9-10 zədəli futbolçu var. Bu amil yaxşı nəticə qazanmağımıza nə dərəcə kömək edə bilər” sualına almaniyalı mütəxəssis belə cavab verib: “İsrail millisi bu problemi həll edə bilər. Bundan xəbərim yoxdu. Sabah komandam müdafiə futbolu oynamayacaq. Müdafiə, həm də hücum futbolu var. Biz ortanı tapacağıq”.

- Rüfət Dadaşov millidə 2 qol vurub. Onun start heyətdə oynamaq şansı var?
- O, millidə daha çox qol vura bilərdi. Rüfət Malta ilə oyunda qol vursa da, mən ondan narazı qaldım. Bir məşqimiz var. Ümid edək ki, hovuzda və ya dənizdə çiməndə, problemlə üzləşməyəcək.

- Start heyətini müəyyənləşdirmisiniz?
- Bəli, özü də 10 gün əvvəldən.

- Komanda İsraillə Bakıdakı matçın ikinci hissəsində yaxşı oynamışdı...
- Mən bura uduzmağa gəlməmişəm. Ümid edirəm ki, yenə yaxşı çıxış edəcəyik. Həmişə deyirəm ki, yaxşı nəticə əldə etmək istəyirik.

- Sizə uzun müddət hazırlıq keçməyə kim mane oldu?
- Bu sualı başqa adamlara verin. Mən AFFA-nın işçisiyəm?

- Sabahkı oyunda son dəqiqələrdə top buraxmaq kimi çatışmazlıq aradan qaldırılıb?
- Sizin iş gününüz neçə dəqiqədir? 9 saat. Futbolçunun iş gününü 1-2 saatla bitirməsi kifayət deyil. Ancaq bu klub məşqçisinin yox, oyunçuların günahıdır. Onlar fərdi şəkildə məşq edə bilər. Baxın, burda nə qədər adam dəniz qırağında qaçır. Ancaq Azərbaycanda belə deyil. 2-3 nəfəri qaçış edən görmək olar.

- Siz özünüz futbolçularla bu barədə söhbət edirsiniz?
- Hər dəfə tərcüməçim vasitəsilə onlara proqramları çatdırıram. Mən 14 illik peşəkar karyeram ərzində 3 məşqçim olub. Onlar bizə proqram verirdi. Hansı ki bizə lazımdır.