“Onlar Maltaya vurduqları qolları necə fəxrlə bayram edirdilər”
07.09.2013 - 08:00
“Onlar Maltaya vurduqları qolları necə fəxrlə bayram edirdilər”
“Biz Rusiya ilə oyun haqqında fikirləşmirik. Hazırda bizi yalnız Azərbaycan yığması ilə oyun düşündürür”. Apasport.az saytının Təl-Əvivə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu İsrail millisinin baş məşqçisi Eli Qutman deyib.

O, yığmamızla bu gün keçiriləcək oyundan əvvəl mətbuat konfransı keçirib. Qutmanın sözlərindən aydın olur ki, o, millinin Malta ilə son oyununa əsasən komandamızı təhlil edib: “Biz bütünlüklə Azərbaycan yığması ilə oyuna köklənmişik. Onları yaxşı öyrənmişik. Mətbuat konfransına gəlməzdən öncə bu komandanın vudeogörüntülərinə baxırdıq. Siz də baxsanız görərsiniz ki, onlar Maltaya vurduqları qolları necə fəxrlə bayram edirdilər. Bu qələbə onlar üçün bizimlə oyun öncəsi əla motivasiya olub”.

Qutman daha sonra millimizin qrupun favorit komandalarına çətin anlar yaşatmasını xatırladıb: “Azərbaycan yığması ilə oyun asan keçməyəcək. Çünki onlar Rusiya və Portuqaliya kimi komandalara çətin anlar yaşatmağı bacarıb. Azərbaycanlı futbolçular bura gəlməzdən öncə yaxşı məşq keçib”.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Səbuhi TOFİQOĞLU
Təl-Əviv, İsrail