Mundial xəyalına rəsmən əlvida və ya 3 oyunda 10 xal da...
07.09.2013 - 16:40
Mundial xəyalına rəsmən əlvida və ya 3 oyunda 10 xal da...
DÇ-2014-ün seçmə mərhələsinin dünən keçirilən oyunlarından sonra Azərbaycan milli komandasının mundiala çıxmayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, hələ püşkdən əvvəl də ən nikbin azarkeşlərimizin inanmadığı bu şirin mundial xəyalla yığmamız rəsmən vidalaşıb.

Belə ki, dünənki qarşılaşmalara qədər millimiz kağız üzərində 2-ci olmaq, bununla da pley-offa çıxmaq şanslarına malik idi. Çünki 4 xalı olan millimiz 3 oyunda 9 xal toplamaqla hesabını 13-ə çatdıra bilərdi. İnandırıcı olmasa da, nəzəri cəhətdən mümkün idi.

Bu halda Rusiya bizə də, üstəlik Lüksemburqa da (bu da yalnız nəzəridir) udusa, İsraillə heç-heçə etsə (əks halda sonuncular bizim üçün əlçatmaz olurdu) yığmamız çox qol vurmaqla top fərqində şimallıları qabaqlaya bilərdi. İsrailin Şimali İrlandiya və Portuqaliya ilə görüşlərdə 1-dən artıq xal toplamamağı isə yığmamızı 2-ci edərdi. Bütün bunlar xəyaldan başqa bir şey deyildi.

Amma artıq bu xəyal da öldü. Çünki Rusiya dünən Lüksemburqu udmaqla Berti Foqtsun yetirmələri üçün əlçatmaz oldu. Bu isə millimizin Braziliyadakı mundiala rəsmən “əlvida” deməsidir. Artıq 3 oyunda nəinki 9 xal, hətta Foqtsun qabartdığı məsələdə yer alan “3 oyuna 10 xal” qazanılsa da mundial bizlik deyil.