Yayın ən bahalı 10 transferi - SİYAHI
07.09.2013 - 19:52
Yayın ən bahalı 10 transferi - SİYAHI
Sentyabrın 2-də Avropada yay “transfer pəncərəsi”nə yekun vuruldu. Apasport.az saytının məlumatına görə, bir neçə məşhur klub heyətini tanınmış futbolçularla gücləndirdi.

Yayın ən bahalı 10 transfer siyahısına nəzər yetirsək, Madrid “Real”ı birinci yerdədi. Ümumilikdə isə “Top-10”da La Liqadan 2 komanda – “Kral klubu” və “Barselona” yer alıb. “Top-10”a Fransa klublarına 3, İngiltərə təmsilçilərinə 2, Bundesliqa ilə A seriyasına 1 futbolçu qoşulub.

Bu siyahının 9-10-cu pillələrində Mario Qötse ilə Qonsalo İquain qərarlaşıb. Belə ki, 21 yaşlı yarımmüdafiəçi yayda Dortmund “Borussiya”sını 37 milyon avroya “Bavariya”ya dəyişib. 6 il madridlilərin şərəfini qoruyan argentinalı da “Napoli”yə eyni məbləğə keçib. 8-ci yerin sahibi “Real”ın “Real Sosyedad”dan 39 milyon avroya transfer etdiyi Asyer İlyarramendidir.

Ötən mövsüm Premyer Liqanın gümüş medalını qazanan “Mançester Siti” bu dəfə də heyətinə bir neçə güclü futbolçu qatıb. Bunlardan biri braziliyalı Fernandinyodur. “Şəhərlilər” 28 yaşlı yarımmüdafiəçinin “Şaxtyor”dan keçidini 40 milyon avroya həll edib. Bu yay transferlərə çoxlu pul xərcləyən “Monako” “Porto”dan Xarnes Rodrigesi 45, “Arsenal” isə Məsut Özili “Real”dan 50 milyon avroya alıb.

“Barsa”nın isə bu mövsüm ən səs-küylü transferi heç şübhəsiz, Naymardı. Katalonlar Braziliya millisinin gənc futbolçusu üçün “Santos”a 57 milyon avro verib. 2011-ci ildə “Porto”da, bir il sonra “Atletiko”da Avropa Liqasına yiyələnən Radamel Falkao “Top-10”da ilk “üçlüy”ü qapayır. Kolumbiyalı hücumçu bir neçə nəhəng komandanın təkliflərinə rədd cavabı verərək, gözlənilmədən bu mövsüm Liqa 1-ə vəsiqə qazanan “Monako”ya 60 milyon avro qarşılığında “hə” deyib.

Ötən mövsüm A seriyasında qollarını sıralayan Edinson Kavani isə siyahının 2-ci pilləsində yer alıb. Uruqvay yığmasının forvardı son Fransa çempionu PSJ-nin formasını geyinməklə klubu “Napoli”yə 64,5 milyon avro qazandırıb.

Sözsüz, “Top-10”un lideri “Real”ın son transferi Qaret Beyldir. 6 il “Tottenhem”in şərəfini qoruyub, 146 oyunda meydana çıxıb və 42 qola imza atan 24 yaşlı uelsli 100 milyon avroya “Kral klubu”na keçməklə dünya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, bu vaxta qədər bu rekord “Real”ın digər futbolçusu Kriştianu Ronaldoya məxsus idi. Portuqaliya millisinin hücumçusu 2009-cu ildə “Mançester Yunayted”dən madridlilərə 94 milyon avroya transfer olunub.