Foqts 60, milli komanda 50
08.09.2013 - 09:30
Foqts 60, milli komanda 50
DÇ-2014-ün İsraillə seçmə oyunu Azərbaycan milli komandası üçün bir sıra yubileylərlə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, Rahid Əmirquliyevin vurduğu top yığmanın tarixində 50-ci səfər qolu oldu.

Yoxlama və seçmə oyunlarında üst-üstə 102 matça çıxan millimiz 50 qol vurub və 227-ni buraxıb. Bu görüşlərdə 72 məğlubiyyəti olan komandamız 30-cu dəfə uduzmadı. Belə ki, 9 səfər qələbəsi olan komandamız 21-ci heç-heçəsini rəsmiləşdirdi. 30-cu məğlubiyyətsiz oyunla 50-ci qolun vurulduğu matçda başqa yubileylər də yaşandı.

Bunlardan biri Berti Foqtsun adı ilə bağlıdır. Almaniyalı mütəxəssis yığmamızı 60-cı oyuna çıxardı. Bu matçlarda komandamız onun rəhbərliyi altında 13 qələbə qazanıb, 19 heç-heçə edib və 28 dəfə uduzub. Almaniyalı 49 qolun sevincini yaşayıbsa, 85 dəfə məyus olub.