“Odlar yurdunda kabab olmamağa çalışmalıyıq”
09.09.2013 - 10:50
“Odlar yurdunda kabab olmamağa çalışmalıyıq”
“Rusiya yığması postsovet məkanında futbolun lideri ola bilmir. Bunu təkrarlamaqdan yorulmuram. Çünki komandamız qonşuları ilə görüşlərdə daim xal itirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri veteran rusiyalı futbolçu Yevgeni Lovçev deyib.

Mətbuatda ekspert kimi çıxışları ilə də tanınan sabiq futbolçu millisinin DÇ-2014-ün seçmə mərhələsindəki çıxışından danışaraq, gələn ay Azərbaycanla Bakıdakı görüşdən çəkindiyini bildirib: “Biz bir neçə yığmaya uduzmuşuq. Baltikyanı ölkələr və cənub komandaları ilə qarşılaşmalar ağır olur. Həm nəticə, həm də oyuna görə Azərbaycanla matçlar da həmişə ağır keçir. Xatırladığım qədər evdə onları 2 dəfə çətinliklə məğlub edib. Səfərdə heç-heçə etmişdik. Həmin matç ki, ondan əvvəl Andrey Arşavin turist səfərindən danışırdı. Bu da möhtəşəm motivasiya idi”.

SSRİ yığması və Moskva “Spartak”ındakı çıxışları ilə tanınan Lovçev millimizlə qarşılaşmada “yanmaq”larından çox qorxur: “İsraillə oyuna köklənmənin yaxşı, qələbə şansının yüksək olacağına şübhəm yoxdur. Lakin səfərdə keçmiş sovet komandası ilə oyun xüsusi olacaq. Bu elə oyun olacaq ki, Odlar yurdunun alovunda kabab olmamağa çalışmalıyıq. Şübhəsiz, biz güclüyük. Lakin onların gözləri yanacaq, dəlisov qələbə istəyi olacaq. Nədənsə biz böyük qardaş kimi o biri komandalara ögey oğul kimi baxırıq. Bu üzdən qarşılaşmaya köklənmək, böyük hesabla qaib gəlmək lazımdır. 2005-ci ildə Slovakiya, 2007-də İsrail, 2009-da Sloveniya ilə həlledici oyunların acı təcrübəsi yaxşı yaddaşlardadır. Bu ənənəni qırmaq vaxtıdır”.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 15-də keçiriləcək.