Millimizin futbolçusunu “su qiymətinə” istədilər - FOTO
09.09.2013 - 15:41
Millimizin futbolçusunu “su qiymətinə” istədilər - FOTO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Fatih Şanlının Türkiyə klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun çıxış etdiyi Almaniyanın aşağı dəstə təmsilçisi “Berqiş Qladbax”ın məşqçisi Dirmar Şaaxt deyib.

O bildirib ki, milliləşən oyunçumuzu heyətinə qatmaq istəyən Türkiyənin III liqa klubu “Yımpaş Yozqatspor” almaniyalıların istədiyi transfer qiymətini ödəməyə razı olmayıb: “Onlar bizim istədiyimiz məbləği vermədilər. Hərçənd, biz kompromisə də getməyə hazır idik. Artıq məsələ bağlanıb. Şanlının bizimlə 2014-ü ilədək müqaviləsi var”.

Almaniya mətbuatının yazdığına görə, futbolçu üçün dördrəqəmli məbləğ tələb olunub. Bu isə 1000 avrodan 9999-a qədərdir. Lakin Türkiyə təmsilçisi belə ucuz qiymətə də oyunçunu almaq istəməyib.

Qeyd edək ki, Şanlının düşərgəsində olduğu U-21 yığmamız Avro-2015-in seçmə oyununda İsrailə 2:7 hesabı ilə uduzub. Fatih isə bu qarşılaşmada ehtiyat oyunçular skamyasında qalıb.