Qara Qarayev: Əgər 2:7 hesabı ilə uduzdularsa... - MÜSAHİBƏ
10.09.2013 - 09:16
Qara Qarayev: Əgər 2:7 hesabı ilə uduzdularsa... - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

- İsraillə 1:1 hesablı bərabərliyə nail oldunuz. Səfər matçından xalla qayıdacağınıza inanırdınız?
- Təlim-məşq toplanışına toplaşanda bizim fikrimiz o idi ki, İsraildən yaxşı nəticə ilə qayıdaq. Ona görə də ciddi məşq edirdik. Şükürlər olsun ki, oyun istədiyimiz kimi alındı və ən azından ölkəmizə 1 xalla qayıda bildik.

- Berti Foqtsun dönəmində ilk rəsmi oyununuzu keçirdiniz. O, çıxışınız haqqında sizə nəsə dedimi?
- Buna qədər millidə oyun keçirmişdim. Ancaq bu, yoldaşlıq matçları çərçivəsində olmuşdu. Rəsmi görüşlərdə isə ehtiyatda qalmışdım. Dediyiniz kimi, ilk dəfə rəsmi debüt etdim. Ancaq oyundan sonra Foqts fərdi şəkildə mənə heç nə demədi. Sadəcə, bütün komandanı təbrik etdi.

- Rəsmi oyunlar yoldaşlıq görüşlərindən fərqlənir. Nəzərə alsaq ki, bu, əsas millilərin rəsmi görüşü idi, sizdə həyəcan vardımı?
- Yox, şükür Allaha ki, həyəcan yox idi. Belə bir oyunda meydana çıxmaq mənə stimul verdi. Meydana çıxmaq mənə nəsib olubsa, buna görə ancaq şad ola bilərəm.

- Fasilədə Araz Abdullayevi əvəzlədiniz. Bununla da müdafiəyə çəkildiniz...
- Çünki Arazın meydandan çıxmasından sonra Rauf Əliyev sol cinaha keçdi.

- Növbəti oyunlarda da əsas milliyə çağırılmaq şanslarını necə dəyərləndirirsiniz?
- Milli komandanın oyunu bitdi. İndi klubumun məşqlərinə qatılacağam. “Qarabağ”da oyunumu qoruyub saxlamalıyam ki, növbəti qarşılaşmalara da dəvət alım.

- Bernhard Lippert sizinlə Arazın olmamasını əsas gətirərək U-21-in yenilgisini bir növ bununla əlaqələndirmişdi. Siz bu barədə necə düşünürsünüz?
- Əvvəldən bilinirdi ki, əsas millidə meydana çıxmasam, U-21-in oyununda iştirak edəcəyəm. Əsas yığmada da bir hissə çıxış etdim. Məncə, oynadığım ikinci hissədə daha çox sürət tələb olunurdu. Ona görə də U-21-ə bu dəfə kömək edə bilmədim. Uşaqlar çox komponentlərdə rəqibə uduzdu. Ancaq onları ən çox sarsıdan ilk 3 dəqiqəyə buraxılan 2 top oldu. Futbolçu erkən dəqiqələrdə qapısından top buraxırsa, o, meydanda artıq mənəvi cəhətdən ölür.

- Bəs 2:7 hesablı yenilginin səbəbini nədə görürsünüz?
- Səbəb deyəndə ki, belə olmasını istəməzdik. Əgər 2:7 hesabı ilə uduzdularsa, artıq bu haqda düşünmək lazımdır.

- İsraildəki hava limanında Lippertin sizinlə fərdi qaydada söhbət etdiyinizi gördük. Maraqlıdır, baş məşqçi sizə nə deyirdi?
- Onu mən yeniyetmə yaşlarımdan tanıyıram. Elə-belə söhbət edirdik. Sadəcə, oyun haqqında danışdıq. Başqa heç nə.

- Əsas milliyə çağırılmaq, yoxsa U-21-ə bu vəziyyətində kömək etməyi istərdiniz?
- Bir futbolçu kimi ancaq istəmişəm ki, əsas yığmada oynayım. Artıq U-21-də neçə ildir çıxış edirəm. Bu, mənim naşükürlüyümdən irəli gəlmir. Sadəcə istəyirəm ki, əsas yığmada daha çox oynayım. Məncə, U-21-in məşqçilər heyəti də istəyər ki, əsas komandada çıxış edim. Ancaq hələ yaşım imkan verdiyindən U-21-ə də kömək etməyə hazıram.

Səbuhi TOFİQOĞLU