“Qutman Azərbaycanla oyunda səhv edib” - MÜSAHİBƏ
10.09.2013 - 10:23
“Qutman Azərbaycanla oyunda səhv edib” - MÜSAHİBƏ
İsrail millisinin sabiq baş məşqçisi Şlomo Şarf Azərbaycanla oyundan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, İsrail futbolunun tanınmış simalarından olan, 1992-99-cu illərdə yığmanı çalışdıran, Avro-2000-də pley-off mərhələsinə çıxaran 70 yaşlı mütəxəssis sentyabrın 7-də baş tutan matçdan danışıb. Avro-1996-da Azərbaycan yığmasını 2 dəfə 2:0 hesabı ilə məğlub edən Şarf bu dəfəki xal itkisini baş məşqçi səhvi ilə izah edib.

- Ev oyununda Azərbaycanda heç-heçəyə İsraildə reaksiya necə oldu?
- Çox kədərli. Oyuna qədər heç kim təsəvvür edə bilməzdi ki, komanda xal itirəcək. Özü də evdə. Əgər qalib gəlsəydik, qrupdan çıxmaq şanslarımızı saxladığımızdan Rusiya ilə qarşılaşmaya başqa əhval-ruhiyyədə hazırlaşacaqdıq. İndi isə heç bir şans yoxdur. Yığmada və ölkədə mənəvi durum çox pisdir. Artıq İsraildə heç kim inanmır ki, biz qrupdan çıxa bilərik. Rusiya ilə oyun rəqibimiz üçün daha vacibdir.

- Azərbaycanla heç-heçənin komandanı “sındırmaması”, əksinə daha da qəzəbləndirməsi mümkündür?
- Məncə, İsrail yığmasının heç bir şansı yoxdur. Komandanın əksər üzvlərinin beynəlxalq təcrübəsi çatmır. Rusiyaya 0:1 və ya 0:2 hesabı ilə uduzmağımız yaxşı olar. Mən bu komandaya inanmıram. Bu oyunda xal qazansaq, sürpriz olar.

- Sizcə qrupda I yeri kim tutacaq: Rusiya, yoxsa Portuqaliya?
- Düşünürəm ki, Rusiya. Onlar evdə İsrail, səfərdə Azərbaycanla qarşılaşacaq. Bu komandalar Rusiyadan xal alası rəqiblər deyil. Onlar bugünkü durumda bunu bacarmazlar.

- Azərbaycanla oyunla müqayisədə baş məşqçi Eli Qutman Rusiya ilə görüşə çox fərqli heyət buraxacaq?
- 3-4 dəyişiklik olacaq. Açığı az əvvəl onunla söhbət edəndə özü də heyəti bilmirdi. Qutman Hayfa “Makkabi”sində mənim köməkçim kimi çalışıb. Biz ünsiyyətdə oluruq. Əminəm ki, Qutman Azərbaycanla oyunda heyətlə bağlı səhv edib. O, bir sıra aparıcı futbolçuları heyətə buraxmamışdı. Düşünürəm ki, qapıdan başqa bütün xətlərdə dəyişiklik olacaq. Düzdür, Dudu Avat son vaxtlar səhvlər də edir. Amma ölkədə ona yaxın səviyyədə qapıçı yoxdur.

- Azərbaycanla oyundan sonra Qutmanın millidəki taleyi haqda nə düşünürsüz? Seçmə mərhələdən sonra baş məşqçi dəyişikliyi olacaq?
- Əminəm ki, onun yığmada qalmaq şansı yoxdur. Hətta səfərdə əvvəl Rusiya, ardınca Portuqaliyanı məğlub etsə belə. Çünki ondan daha artığını gözləyirdilər.