FİFA UEFA-nın Ruslan Abışovla bağlı səhvini düzəltdi
10.09.2013 - 17:12
FİFA UEFA-nın Ruslan Abışovla bağlı səhvini düzəltdi
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə oyunu öncəsi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Rubin”in yarımmüdafiəçisi Ruslan Abışov həmin görüşdə oynaya bilməyəcək.

Buna səbəb futbolçunun İsraillə sentyabrın 7-də keçirilən görüşdə 2-ci sarı vərəqə almasıdır.

Ancaq burda bir maraqlı məqam var. Belə ki, Abışovun ilk sarı vərəqəsini də məhz həmin İsraillə düz 1 il əvvəl Bakıda keçirilən matçda aldığı bildirilsə də, UEFA-nın rəsmi saytında bu haqda heç bir qeyd yoxdur.

Rəsmi protokolda görüşün Sloveniyadan olan hakimi Matey Yuqun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada 3 sarı vərəqə verdiyi göstərilir. Bunlar qonaq komandanın üzvləri – Tomer Hemed, Din Mori və Hen Ezradır. Göründüyü kimi, sarı vərəqə alanlar arasında görüşdə hesabı bərabərləşdirən Abışovun adına rast gəlinmir.

Ancaq apasport.az saytı bu məsələni araşdıraraq, səhvin haradan qaynaqlanmasını tapıb. Bunun üçün millinin inzibatçısı İslam Abbasovu aradıq: “Mən həmin oyunda Ruslana sarı vərəqə verilməsini özümdə qeyd etmişəm. O, Bakıdakı matçın 81-ci dəqiqəsində “sarı” almışdı. İsraildə də vərəqə almaqla, cəzalı duruma düşdü. UEFA-nın saytında texniki səhv ola bilər. Elə indicə bizə FİFA-dan məktub gəlib ki, Ruslan İbrahim oğlu Abışov Şimali İrlandiya ilə oyunda meydanda ola bilməz. Əgər bu məktub gəlməsəydi belə və biz UEFA-nın saytını əsas götürüb onu meydana buraxsaydıq, AFFA ciddi sanksiya ilə cəzalana bilərdi”.

Qeyd edək ki, millinin Şimali İrlandiya ilə görüşü oktyabrın 11-də olacaq. Abışov oynaya bilməsə də, əvəzində Vaqif Cavadov və Branimir Subaşiç cəzalarını başa vurmuş olacaq.

Səbuhi TOFİQOĞLU