Qeyri-adi tur
11.09.2013 - 13:26
Qeyri-adi tur
Sabah Topaz Premyer Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, millilərin oyunları ilə əlaqədar yaranan 10 günlük fasilədən sonra baş tutacaq tur qeyri-adiliyi ilə əvvəlkilərdən fərqlənəcək.

Belə ki, VI turun qarşılaşmaları 4 gün ərzində baş tutacaq. Eyni turun qarşılaşmalarının 4 günü əhatə etməsi isə Azərbaycan futbolsevərlərinin xatırlamadığı bir hadisədir.

Düzdür, dünyanın bəzi ölkələrində 4 günlük turlar adi hal alıb. Amma bizim üçün bu, nadir hadisə sayılmalıdır. Xüsusilə ona görə ki, tur cəmi 5 oyundan ibarətdir. Bu isə o deməkdir ki, yalnız 1 gün 2 qarşılaşma olacaq. Digər günlər isə 1 matçlıqdır.

Tura Bakıda baş tutacaq paytaxt derbisi ilə start veriləcək. Son turda məğlub olan “Neftçi” və “İnter” növbəti duelə çıxacaq. Ən azı 1 günlük zirvəyə qayıtmaq imkanı olan Tərlan Əhmədovun yetirmələri “Bakı” ilə görüşdəki darmadağını unutdurmağa çalışacaqlar. “İnter” isə uğursuz startdan sonraya təsadüf edən fasilədən yararlandığını göstərməlidir.
Autsayderlərdən biri olan “Rəvan”ın işi də çətindir. Bakılılar “Qarabağ”ı qəbul edəcək. Ötən tur AZAL-a uduzmaqla ilk pilləni itirən Qurban Qurbanovun yetirmələri yenidən turnir cədvəlinin ən yüksək nöqtəsinə qalxa bilər.

Turun ən maraqlı oyunlarından biri Lənkəranda olacaq. “Bakı” və “Xəzər Lənkəran” turnir cədvəlinin fərqli hissələrində qərarlaşsa da, bu amil oyunun prinsipiallığına təsir etmir. Çempionatda qələbə qazana bilməyən yeganə komanda olan cənublular ardıcıl 4 oyundur vurmadıqları qolu bu dəfə son turların ən yaxşısının qapısından keçirməyə çalışacaq. Belə ki, paytaxt futbolçuları fasilə ərəfəsində ardıcıl 3 darmadağına sevinib.

2 oyunu keçiriləcəyi bazar günü əsas diqqətlər “AZAL Arena”ya yönələcək. Çempionatın lideri olan meydan sahibləri “Qəbələ” ilə görüşəcək. Rəqibinə çatmaq, hətta hadisələrin müəyyən axarında liderliyə şərik olmaq iddiasında olan Yuri Syominin yetirmələri bakılıların qələbə seriyasını qırmaq əzmindədir. Meydan sahibləri isə mövqeyini qorumaq üçün xal itirməməlidir.

Ev oyununu Qəbələdə keçirəcək “Simurq” isə “Sumqayıt”la görüşəcək. Turnir cədvəlindəki qonşuların qarşılaşmasında meydan sahibləri daha şanslı hesab olunur. Lakin ortababların oyununda qonaqlar da xal əldə etmək iqtidarındadır.

12 sentyabr (cümə axşamı)
19:00. “Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu

13 sentyabr (cümə)
19:00. “Rəvan” – “Qarabağ”
“Bayıl Arena” stadionu

14 sentyabr (şənbə)
19:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran şəhər stadionu

15 sentyabr (bazar)
17:00. “Simurq” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

18:00. AZAL – “Qəbələ”
“AZAL Arena” stadionu

komandaoqhmtx
1
AZAL
5
4
0
1
6-5
12
2
Qarabağ
5
4
0
1
10-3
12
3
Neftçi
5
3
1
1
7-4
10
4
Qəbələ
5
3
0
2
8-6
9
5
Bakı
5
3
0
2
12-3
9
6
Simurq
5
2
1
2
4-5
7
7
Sumqayıt5
1
1
3
4-9
4
8
İnter
5
1
0
4
10-10
3
9
Rəvan
5
1
0
4
2-14
3
10
Xəzər L
5
0
3
2
1-5
3

Bombardirlər: Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter) - 3 qol