“Xəzər Lənkəran” o vaxt daha güclü idi” - MÜSAHİBƏ
11.09.2013 - 23:02
“Xəzər Lənkəran” o vaxt daha güclü idi” - MÜSAHİBƏ
“Bakı” klubunun braziliyalı müdafiəçisi Araujo Santos Topaz Premyer Liqasının VI turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək oyundan əvvəl apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Bir aydan artıqdır Bakıdasınız. Adaptasiya prosesini tam keçə bilmisinizmi?
- Hər şey yaxşıdır. Adaptasiya olmuşam. Sonadək bu cür davam edəcəyimə inanıram.

- “Bakı” haqda sizə deyilənlərlə gördükləriniz üst-üstə düşdümü?
- Bura gələnə qədər ölkəniz haqda məlumatım var idi. Hətta Bakıda da olmuşdum. Altı il əvvəl Zaqreb “Dinamo”sunun heyətində Bakıya gəlmişdim və “Xəzər Lənkəran”a qarşı oyunda forma geyinmişdim. Ona görə də hara gəldiyimi bilirdim.

- Transferinizdə baş məşqçi Milinko Pantiçin nə dərəcədə rolu olub?
- Keçidimin baş tutmasında baş məşqçi amili əsas şərt deyildi. “Bakı”da tanıdığım futbolçular var idi. Xavyer Junior, Marko Şarliyanı tanıyırdım. Şarliya ilə Zaqreb “Dinamo”sunda birgə çıxış etmişdim. Onlardan müəyyən məlumat almışdım.

- Şərtlər necə, cəlbedicidir?
- Azərbaycana gəlişim karyeramda yenilik etmək istəyimlə bağlı idi. Buna görə də “Bakı”dan gələn dəvəti qəbul etdim.

- Topaz Premyer Liqasında 5 tur arxada qaldı. “Bakı” istədiyi oyunu nümayiş etdirə bilirmi?
- Yaxşı oynayırıq. Bundan artığını da etməyə gücümüz çatır. Sadəcə, komanda demək olar yeni yığılıb. Oyundan-oyuna daha da yaxşı çıxış edəcəyimizə şübhə etmirəm.

- Maraqlıdır ki, komanda gözlənilmədən ardıcıl iki oyunda məğlub oldu. Milinko Pantiç sonra nəyi dəyişdi ki, qələbələr sıralandı?
- Açığı ilk görüşdə yaxşı oynamışdıq. Həmin matçda “Qəbələ”dən üstün idik. Sadəcə, bəxtimiz gətirmədi və sonra meydanı xalsız tərk etdik. Ancaq ikinci turda pis oynadığımızla razıyam. Komanda özünə bənzəmirdi. Buna görə də haqlı olaraq məğlub olduq. Ardıcıl iki məğlubiyyətdən sonra komanda toparlanmağı bacardı. Nəticə isə göz qabağındadır.

- Həftəsonu “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Bu oyuna necə hazırlaşmısınız?
- Yaxşı. Bizi çətin oyun gözləyir. Gücümüzü səfərbər edəcəyik ki, səfərdən qələbə ilə qazanaq. Meydana da 3 xal qazanmaq üçün çıxacağıq.

- “Dinamo”nun heyətində bu komandaya qarşı oynamısınız. “Xəzər Lənkəran” yadınızda necə qalıb?
- Aradan 6 il keçib. İndi çox şey dəyişib. Fikrimcə, “Xəzər Lənkəran” o vaxt daha güclü idi.

- Meydana çıxan futbolçulardan kimləri xatırlayırsınız?
- İndi heç birini. Onu bilirəm ki, oyun heç-heçə başa çatmışdı. “Xəzər Lənkəran”ın hazırkı heyətində isə Vanderson Skarduellini tanıyıram. Vaxtı ilə bir-birimizə qarşı oynamışıq.