Aleksandr Səmədov: Azərbaycan mənim üçün niyə xüsusi rəqib olmalıdır?
12.09.2013 - 08:36
Aleksandr Səmədov: Azərbaycan mənim üçün niyə xüsusi rəqib olmalıdır?
“Azərbaycan millisinə bir neçə dəfə təklif almağım keçmişdə qalan məsələdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov deyib.

Şimal qonşularımızı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oyun gözləyir. Əslən azərbaycanlı olan Səmədov bu görüşün onun üçün xüsusi əhəmiyyət kəsb etmədiyini söyləyib: “Azərbaycan mənim üçün niyə xüsusi rəqib olmalıdır? Bu oyunun məndən ötrü xüsusi olacağını deyə bilmərəm. Matç komanda üçün önəmlidir. Axı, orada dünya çempionatına vəsiqənin taleyi həll olunacaq”.

Yığmamızla birgə F qrupunda yer alan Rusiya millisi son 2 oyununu səfərdə keçirəcək. Fabio Kapellonun rəhbərlik etdiyi kollektiv oktyabrın 11-də Lüksemburq, 4 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq: “Əlbəttə, evdə oynamaq daha yaxşıdır. Amma qorxulu heç nə yoxdur. Əsas odur ki, son 2 görüşdə 2 qələbə qazanmalı olduğumuzu anlayırıq. Başqa nəticədən söhbət belə gedə bilməz”.