Avro-2020: 3 şəhərin namizədliyi rəsmiləşdi
12.09.2013 - 09:00
Avro-2020: 3 şəhərin namizədliyi rəsmiləşdi
Avro-2020-yə ev sahibliyi etmək istəyən daha 3 şəhər UEFA-ya rəsmi sifariş verib. Apasport.az saytının məlumatına görə, Fransanın Lion, İsrailin Qüds və Belarusun Minsk şəhərləri qitə çempionatının qarşılaşmalarını qəbul etmək niyyətlərini təsdiqləyib.

Avro-2016-ya ev sahibliyi edəcək Fransa növbəti yarışda 58 min tamaşaçı tutan yeni stadionla təmsil olunmaq fikrindədir. UEFA prezidenti Mişel Platininin həmyerliləri qarşıdakı turnir üçün inşa olunan arenanın ardıcıl 2 belə yarışa ev sahibliyi etməsinə ümidlidir.

İsrail Futbol Assosiasiyası isə “Teddi” stadionunun namizədliyini verib. 32 min tamaşaçı tutan bu arena U-21-lər arasında Avro-2013-ün oyunlarını qəbul edib.

33 min tamaşaçı tutacaq Minskdəki Milli stadionun da namizədliyi rəsmən UEFA-ya təqdim edilib. Hələlik yalnız layihəsi olan bu arena “Traktor” stadionunun yerində inşa olunacaq.

Qeyd edək ki, 13 şəhərdə keçiriləcək Avro-2020-yə namizədlər siyahısında Bakının da adı var. Yarışa ev sahibliyinə iddia edəcəyi açıqlanan 31 ölkədən olan şəhərlərdən artıq 12-nin namizədliyi təsdiqlənib.