“Xəzər Lənkəran”da bir qədər inamsızlıq var” - MÜSAHİBƏ
12.09.2013 - 11:26
“Xəzər Lənkəran”da bir qədər inamsızlıq var” - MÜSAHİBƏ
Milli komandamızın və “Bakı”nın hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- İsraillə oyunda 90 dəqiqə meydanda oldunuz. Bu qarşılaşma barədə fikirlərinizi bilmək istərdik...
- Öncə səfərdə məğlub olmadığımız üçün sevinirik. Çoxları inanmırdı ki, İsraildən 1 xalla qayıdarıq. Ancaq komandada özünəinam var idi. Fikir vermişdinizsə, oyundan öncə futbolçularımız mətbuata açıqlamalarında İsraildə yenilməyəcəyimizi demişdilər. Şükür Allaha ki, bunu bacardıq. Qalib gəlsəydik, daha əla olardı. Ancaq belə baxanda hesab oyuna görə oldu. Çünki rəqib də yaxşı oynayırdı, daha çox hücum təşkil edirdi. Bizim üçün hər şey yaxşı qurtardı.

- Berti Foqtsun birdən-birə 3 hücumçunu – sizi, Rüfət Dadaşovu və Cihan Özkaranı meydana buraxması sizin üçün gözlənilməz olmadı?
- Həmişə deyilirdi ki, müdafiədən oynayırıq. Ona görə də bu dəfə baş məşqçi dəyişiklik etmişdi. Bilmirəm, bunu deyilənlərə görə, yoxsa başqa fikirlə etdi. Hər halda, bu dəyişiklik pis alınmadı. Düzdür, ilk hissədə az top saxladıq, daha çox bizə təzyiq olunurdu. Ancaq fasilədən sonra top saxlayırdıq, daha çox hücum qururduq. Qoldan sonra isə bizdə daha çox inam yarandı. Deyərdim ki, ikinci qolu da vura bilərdik.

- 3 hücumçu ilə oynasaq da, ilk yarıda daha çox müdafiə olunurduq...
- Bu, normal haldır. İsrail kimi komanda ilə oynayırsansa, təzyiq olmalıdır. Çünki səfərdə oynayırsan və onların da qrupdan çıxmaq şansları vardı. Çox vaxt deyirlər ki, müdafiədən oynayırıq. Bəzi oyunlara görə bu fikirlə razılaşmaq olar. İsrail, Rusiya kimi komandalarla səfərdə çıxış edəndə istər-istəməz müdafiəyə çəkilməli olursan. Amma hücumu da fikirləşmək lazımdır.

- Yeri gəlmişkən, ilk hissədə qol vura bilərdiniz. Ancaq zərbəniz çox bərbad alındı. Çoxlarına maraqlı gələ bilər ki, siz forvard ola-ola belə zərbə niyə vurdunuz?
- Oyunun içində bu, normal şeydir. Zərbə vurarkən bir qədər tələsdim. Topu saxlayıb vurmaqdansa, gəlişinə vurmaq həmin epizodda daha yaxşı idi. Amma çox tələsdim. Üstəlik, sol ayağımla zərbə vurduğum üçün top istənilən istiqamətə yönəlmədi.

- Növbəti rəqib Şimali İrlandiya millisidir. Belfastda bu komandanın qapısına yol tapmışdınız. Bakıdakı oyunda da yenidən qol vuracağınıza dair azarkeşlərə söz verə bilərsiniz?
- Söz vermək deyəndə ki, hücumçunun işi qol vurmaqdır. Hər oyuna çıxanda bu haqda fikirləşirəm. Ancaq ilk növbədə oyunumu düşünürəm. Alınsa, qolumu da vuracağam. Şimali İrlandiyaya qarşı yaxşı oynasaq da, son saniyələrdə qapımızdan top buraxmışdıq. Evdə də çalışacağıq ki, qarşıdakı 2 görüşdən birində nəticə qazanaq. Şimali İrlandiya Portuqaliyaya qalib gəlirdi, yalnız qırmızı vərəqə aldıqdan sonra məğlub oldular. Yəni güclü komandadır. Sadəcə evdə oynayırıq deyə bu amildən yararlanmalıyıq.

- Topaz Premyer Liqasının VI turunda “Xəzər Lənkəran”la səfərdə qarşılaşacaqsınız. Sizin işləriniz yaxşı getdiyi halda, onlar hələ də qara zolaqdadır. Bu amil sizin işinizə yaraya bilər?
- “Xəzər Lənkəran”ın vəziyyəti o qədər də pis deyil. Bu komanda “Qarabağ”, “Qəbələ”, “Neftçi”yə qarşı yaxşı oynayıb. Sadəcə, orda bir qədər inamsızlıq var. Epizodlardan yararlana bilməyincə, bu inamsızlıq yaranır. Oyun baxımından isə həqiqətən də “Xəzər Lənkəran” yaxşı futbol göstərir, yaxşı futbolçuları da var. Ona görə də bizim üçün səfərdə oynamaq çətin olacaq.

Səbuhi TOFİQOĞLU