“Xəzər Lənkəran”a sərf edən mövzular
12.09.2013 - 15:33
“Xəzər Lənkəran”a sərf edən mövzular
“Toplantıda avrokuboklarda dəyişikliklərlə bağlı müzakirələrə daha çox yer verildi. Belə bir təklif irəli sürüldü ki, 2015-ci ildən etibarən Avropa Liqasının qalibi Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə etsin”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun lisenziyalaşdırma üzrə meneceri Elvin İsmixanov deyib.

Cənub təmsilçisi İsveçrənin Cenevrə şəhərində dünən keçirilən XI Baş Assambleyada Avropa Klublar Assosiasiyasına üzv qəbul olundu. Tədbirdə iştirak edən İsmixanov bildirib ki, bu yarışa marağı artırmaq üçün gələcəkdə Avroliqada 1/4 finalçıların da qitənin ən nüfuzlu klub turnirinə buraxılması mümkündür: “Bu məsələlərə hələ baxılacaq. Gələn ilin martında İspaniyanın Barselona şəhərində növbəti Baş Assambleya olacaq və həmin vaxt Avropa Liqasının perspektivləri təkrar müzakirə ediləcək”.

İsmixanov tədbirdə “Xəzər Lənkəran” kimi klublara sərf edəcək mövzulara da toxunulduğunu söyləyib: “Bir çox məsələlər müzakirə olundu. Xüsusən də, “Xəzər Lənkəran” və digər klublarımıza sərf edəcək təkliflər oldu. Məsələn, milli komandalara oyunçu verən klublara UEFA tərəfindən ödənişlərin artırılması ideyası səsləndi”.

Mərasim zamanı UEFA prezidenti Mişel Platini ilə də görüşən “Xəzər Lənkəran” rəsmisi onunla qısa çəkən söhbətlərindən də danışdı: “Platini ilə görüşümüz ayaqüstü oldu. Söhbət zamanı UEFA prezidenti yaxın gələcəkdə Azərbaycana təşrif buyuracağını söylədi”.