Azərbaycan yığması FİFA reytinqində 8 pillə irəlilədi
12.09.2013 - 17:52
Azərbaycan yığması FİFA reytinqində 8 pillə irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 107-ci olan Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə irəliləyib.

Avqustun 8-dəki son siyahıda 298 xalı olan yığmamız hesabını 315 xala çatdırıb. Bu 17 xallıq inkişaf da irəliləyişə səbəb olub.

UEFA-nın reytinqində 43-cü olan Berti Foqtsun komandasının irəliləməsinə son 2 oyun səbəb olub. Avqustun 14-dəki yoxlama oyununda Maltanı 3:0 hesabı ilə məğlub edən futbolçularımız DÇ-2014-ün sentyabrın 7-də baş tutan seçmə oyununda İsraildən 1 xalla qayıtmışdı – 1:1.

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən 1029 xalı olan Portuqaliya yığması 4 pillə geriləyərək, 11-ci yerə düşüb. Rusiya millisi isə 1 pillə irəliləyərək 15-ci yerə qalxıb. Belə ki, onların 968 xalı var.

522 xalı olan İsrail isə 6 pillə geriləməklə 69-cu yerə enib. Şimali İrlandiya yığması 431 xalla 23 pillə irəliləyərək, 86-cı yerə yüksəlib. 247 xallı Lüksemburq isə 14 addım irəli atmaqla 126-cı olub.

Reytinqdə ilk pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1514 xalla 1-ci yeri qoruyub. Xalını 1263-ə çatdıran Argentina isə 2 addım irəliləyərək 2-ci yerə qalxıb. 1261 xala malik Almaniya isə geriləyərək 3-cü olub.

613 xalı olan Türkiyə 9 pillə irəliləməklə ilk 50-liyə qayıdıb. “Ay-ulduzlular” planetin 49-cu komandasıdır.

Qeyd edək ki, növbəti siyahı oktyabrın 17-də açıqlanacaq.