Con Toşak azarkeşlərə səsləndi: Hətta mən də təsirləndim
26.09.2013 - 11:38
Con Toşak azarkeşlərə səsləndi: Hətta mən də təsirləndim
“Sabah komandamız üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis Topaz Premyer Liqasının VIII turunun “İnter”lə oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib.

Son 2 matçdakı qələbələrdən danışan Toşak “ağ-yaşıllar”ın azarkeşlərinə müraciət edib: “Son 2 turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı. Mən bir daha vurğulamaq istəyirəm ki, əslində, biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə “Xəzər Lənkəran”dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən “Bakı” ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm də təsirləndim. Bu, “Xəzər Lənkəran” azarkeşinin böyüklüyünü göstərir”.

Toşak daha sonra bildirib ki, görüləsi işlərin hələ çoxdur: “Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var: Qaranquş səmada görünürsə, düşünmə ki, artıq yaz gəlib. Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah “Xəzər Lənkəran” çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm: Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!”

Qeyd edək ki, 7 turdan sonra 9 xalı olan “Xəzər Lənkəran” turnir cədvəlinin 7-ci pilləsindədir.