2012/2013 mövsümünün ən yaxşılarına qara xəbər
26.09.2013 - 12:13
2012/2013 mövsümünün ən yaxşılarına qara xəbər
Peşəkar Futbol Liqası (PFL) 2012/2013 mövsümünün ən yaxşılarını mükafatlandırmayacaq. Bu barədə apasport.az saytına qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O bildirib ki, bu yöndə hər hansı sorğu aparmaq və qalibləri mükafatlandırmaq planları yoxdur.

Şahgəldiyev fərdi mükafatlandırma mərasimin baş tutmamağını belə əsaslandırıb: “Bildiyiniz kimi, biz hər il medalları təqdim edən vaxt fərdi mükafatları da verirdik. Lakin medalların çempionat başa çatandan 2-3 gün sonra verilməsi narazılıqla qarşılandığı üçün sonuncu mövsüm bunu isti-isti etdik. Ona görə də, mövsümə yekun vurulmadan sorğu keçirmək mümkün olmadı”.

Qeyd edək ki, Premyer Liqada 2011/2012-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi ötən ilin oktyabr ayında keçirilmişdi. Həmin vaxt çempionu “Neftçi”, gümüş mükafatçısı “Xəzər Lənkəran” və bürünc mükafatçısı “İnter”ə Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunmaqla yanaşı, mövsümün ən yaxşıları da mükafatlarını almışdı.

Belə ki, İdman Araşdırmaları Mərkəzi (İAM) tərəfindən aparılmış sorğuya əsasən 2011/2012 mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, futbolçusu və baş məşqçisi xüsusi mükafata layiq görülmüşdülər.

Həmçinin, mövsümün tapıntısı, ən yaxşı assistent, ən yaxşı qol, ən yaxşı bombardir və ən sadiq azarkeş nominasiyaları üzrə də qaliblər diqqətdən kənarda qalmamışdı.