Tərlanın son uçuşu
26.09.2013 - 15:10
Tərlanın son uçuşu
Topaz Premyer Liqasının VIII turu milli çempionatlarımızın daimi iştirakçıları “Neftçi” ilə “Qarabağ”ın dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da keçiriləcək görüş “ağ-qaralar”ın məşqçisi Tərlan Əhmədov üçün xüsusi əhəmiyyət daşıyır.

Belə ki, ağdamlılarla matçda 42 yaşlı çalışdırıcının gələcək taleyinə aydınlıq gələ bilər. Bildiyiniz kimi, Böyükağa Hacıyevin istefasından sonra “Neftçi” oyunlara məhz Əhmədovun rəhbərliyi altında çıxır. Lakin onun baş məşqçi postuna təyinatı rəsmiləşməyib və bu gedişlə gənc mütəxəssisin arzusu ürəyində qalacaq.

Hacıyevin gedişindən sonra komandanı müvəqqəti olaraq Əhmədova tapşıran klub rəhbərliyi Topaz Premyer Liqasının ilk 5 turun nəticələrinə əsasən onun barəsində qərar verməli idi. Artıq 7 futbol həftəsi geridə qalsa da, qeyri-müəyyənlik davam edir.

İlk 4 turdakı göstəricilər Əhmədov üçün uğurlu gələcəkdən xəbər verirdi: AZAL (4:1), “Rəvan” (2:0) və “Simurq” (1:0) üzərində qazanılan qələbələr, üstəlik, “Xəzər Lənkəran”la səfər heç-heçəsi (0:0). Tərlan bəyin Hacıyevdən boşalan posta əyləşməsi üçün bircə addım qalırdı. Gəl ki, “Neftçi” “Bakı” ilə səfər matçında “qəzaya uğradı”. Komandanın sərgilədiyi futbol və aldığı 0:3 hesablı yenilgi xoşbəxt sonluğu əngəllədi.

Beləliklə, darmadağını həzm etməkdə çətinlik çəkən klub rəhbərliyi tələsik qərar verməməyi, bir qədər də gözləməyi lazım bildi.

VI turda “İnter” üzərində əldə edilən 3:1 hesablı qələbə üzləri yenidən güldürdü. Sırada isə “Sumqayıt” vardı. Münasib rəqibi asanlıqla ram edib, əlavə bonus qazanmaq üçün Əhmədovun bundan yaxşı şansı ola bilməzdi. Ancaq “Neftçi”nin cəhdləri uğursuz oldu – 0:0. Və bununla da rəhbərliyin Əhmədovla bağlı tərəddüdləri bir qədər də artdı.

Rəhbərlik Əhmədovlu “Neftçi”nin gələcəkdə də qeyri-sabit çıxış edəcəyindən ehtiyatlanır. Elə ona görə də, artıq baş məşqçi axtarışın da başlanılıb. Daha doğrusu, siyahı çoxdan hazırdı, bircə qalır bu posta münasib bilinən çalışdırıcılarla təmasa girmək. Bunun üçün isə “Neftçi”nin həftəsonu “Qarabağ”a uduzması yetərlidir. “Ağ-qaralar” ağdamlılara boyun əyəcəkləri halda, Əhmədovun Hacıyevdən boşalan postu tutmaq sevdası puç olacaq...