“Arşavinin Azərbaycanla oyuna çağırılmaması düzgün qərardır”
26.09.2013 - 17:47
“Arşavinin Azərbaycanla oyuna çağırılmaması düzgün qərardır”
“Millinin geniş heyətində Arşavinin olmamasına təəccüblənmədim. Fabio Kapello təcrübəli mütəxəssisdir, o nə etdiyini bilir. İndi yığmanın Arşavinə ehtiyacı yoxdur. Andreyin dünya çempionatının final mərhələsində iştirakına gəlincə, bu məsələ açıq qalır”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un sabiq baş məşqçisi Sergey Yuran deyib.

Rusiya millisinin sabiq hücumçusu ölkəsinin son heyətini analiz edib. O, Lüksemburq və yığmamızla oyunlar üçün açıqlanmış heyətdə Andrey Arşavinin olmamasına toxunub.

Yuranın sözlərinə görə, Arşavinin yığmaya çağırılmaması düzgün qərardır: “Necə olur ki, bir qol vurub dərhal da yığmaya düşəsən. Belə olmur. Hesab edirəm ki, Andreyin yığma formasında meydana çıxmaq üçün yaxşı şansları var. Hər şey onun özündən asılıdır. Bir sözlə, Kapello düzgün edir. Əvəzedilməz oyunçu yoxdur. Düzdür, Pele, Maradona və Yaşin kimi tək-tük əvəzedilməzlər var. Arşavin öz varlığını italyana göstərə bilsə, onda onun onun üçün problem olmayacaq. Kapello özünə düşmən deyil ki”.

Qeyd edək ki, Fabio Kapello oktyabrın 11-i Lüksemburq və oktyabrın 15-i millimizlə oyunlar üçün açıqlanmış ilkin siyahıda 36 futbolçuya dəvət göndərib.