“Özümüzə gəlmək üçün “Xəzər Lənkəran” üzərində qələbə bizə lazım idi”
28.09.2013 - 09:13
 “Özümüzə gəlmək üçün “Xəzər Lənkəran” üzərində qələbə bizə lazım idi”
“Mövsümə uğurlu başlamamışdıq. Təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı məşqçi səfərdə “Xəzər Lənkəran”ı məğlub etdikləri oyundan sonra mətbuat konfransına qatılıb. Sxadadzenin sözlərinə görə, bu qələbə onlara hava və su kimi lazım imiş: “Komandanı şokdan ayıltmaq üçün qələbə və bərabərliklər lazımdır. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur “Bakı” ilə heç-heçə etdik, bu gün isə “Xəzər Lənkəran”ı məğlub etdik. Özümüzə gəlmək və mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, “Xəzər Lənkəran”dan səfərdə 3 xal aldığımız üçün şadam”.

Qeyd edək ki, dünən keçirilən “Xəzər Lənkəran” – “İnter” oyunu 0:1 hesabı ilə başa çatıb. Qolu “İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç 10-cu dəqiqədə cənubluların qapısından keçirib.