“Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı”
28.09.2013 - 14:35
 “Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı”
“Azərbaycan milli komandasında oynamaq variantım vardı. Rəsmi görüşlərin ardından bu barədə fikirləşmək üçün vaxt istəmişdim”. Apasport.az saytının məlumatına görə, bunu “Çaykur Rizəspor”un hücumameylli yarımmüdafiəçisi Sərcan Kaya deyib.

Superliqa təmsilçisi “Çaykur Rizəspor”da 5 tura 4 qol və 2 məhsuldar ötürmə edən Kaya 1 ay əvvəl Azərbaycan yığmasından dəvət aldığını açıqlamışdı. Babası azərbaycanlı olan Kaya növbəti açıqlamasında millimizdə oynamayacağını açıqlayıb.

25 yaşlı futbolçu bunu hazırda yaxşı formada olması və Türkiyə millisindən dəvət gözləməsi ilə əlaqələndirib: “Ötən ay düşərgəyə çağırılarkən düşünüb qəbul etməmək qərarı aldım. Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı. Yaxşı oynamağa davam etsəm, Türkiyə millisinin formasını geyinə biləcəyimi düşünürəm. Təbii ki, çatışmayan cəhətlərim var. Bunları da məşq edərək aradan qaldırmağa çalışıram. Hər oyunçu yığma komanda formasını geyinmək istəyər. Mənim də hədəfim A milinin formasını geyinməkdir”.