Türkiyə çempionatının ən zəifləri “bizimkilər”dir
30.09.2013 - 08:11
Türkiyə çempionatının ən zəifləri “bizimkilər”dir
Türkiyə çempionatının I liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 7 futbolçusundan yalnız üçü meydana çıxıb. Onların da hamısı meydanı məğlub tərk ediblər.

Milliləşən serbiyalı hücumçumuz Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” öz meydanında “İstanbul BB” ilə qarşılaşıb. Komandasının 0:1 hesabı ilə uduzduğu görüşdə təmsilçimiz “18-liy”ə düşməyib.

Digər milliləşən legionerlər – nigeriyalı Usim Nduka və ukraynalı Andrey Popoviçin çıxış etdiyi “Tavşanlı Linyitspor” səfərdə “Mersin İdman Yurdu”na uduzub – 0:2. 90 dəqiqə meydanda olan afrikalı 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Popoviç isə “18-liy”ə düşsə də, ehtiyatda qalıb.

“Şanlıurfaspor”un qonağı olan “Dənizlispor” isə darmadağın olub – 0:3. Təmsilçilərimizdən Saşa Yunisoğlu və Arif İsayev bu matça start heyətində başlayıblar. Sonuncu 54-cü dəqiqədə əvəzlənib.

Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” səfərdə “Adanaspor”la heç-heçə edib – 1:1. Qapıçımız bu qarşılaşmada “18-liy”ə düşməyib.

Səfərdə “Karşıyaka” ilə qolsuz heç-heçə edən “Kahramanmaraşspor”da həmyerlimizdə ehtiyac duymayıb. Belə ki, Fərid Quliyev də “18-liy”ə düşməyib.

Qeyd edək ki, təmsilçilərimizin komandaları arasında ən yaxşı nəticə “Orduspor”a məxsusdur. 6 oyundan sonra 13 xalı olan Subaşiçin komandası 4-cü pillədədir. 19 komanda arasında son 4 pillə isə “bizim” klublarındır. “Tavşamlı Linyistpor” 16-cı, “Fəthiyəspor” 17-ci, “Dənizlispor” 18-ci, “Kahramanmaraşspor” 19-cudur.