“Karyeramın ən üzücü hadisəsi Azərbaycanla oyun idi” - FOTO
30.09.2013 - 11:53
“Karyeramın ən üzücü hadisəsi Azərbaycanla oyun idi” - FOTO
“Özümü təqaüdçüyə bənzədirəm. Lakin hələ də trenajor zalından ayrıla bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri karyerasını bu il başa vuran tanınmış serbiyalı futbolçu Deyan Stankoviç deyib.

Son illər İtaliya “İnter”ində çıxış edən yarımmüdafiəçi hazırda Milanda yaşayır və vətənə dönməyə tələsmir. Serbiya Futbol Federasiyasının vida görüşü keçirəcəyi 35 yaşlı veteran verdiyi geniş müsahibədə zəngin karyerasını vərəqləyib, ən yadda qalan xatirələrini açıqlayıb: “1999-cu il Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya ilə Zaqrebdəki qarşılaşması fantastik görüş idi. Karyeramın ən unudulmaz oyunundakı 2:2 hesablı heç-heçəyə nail olduq. Bununla, Avro-2000-ə vəsiqə qazandıq. Karyeramın ən üzücü hadisəsi isə Azərbaycanla Podqoritsadakı qarşılaşma idi. 2:0 hesabı ilə öndə olsaq da, 2 qol buraxıb 2:2 hesablı heç-heçə ilə kifayətləndik. Bu, faciə idi! Ən yaddaqalan qolumu da Xorvatiyaya vurmuşam. Oynadığım hər klubun heyətində də unutmadığım qollarım olub”.

Qeyd edək ki, 1998-ci ilədək “Srvena Zvezda”, 1998-2004-cü illərdə “Latsio”, 2004-13-cü illərdə “İnter”də çıxış edən Stankoviç 6 dəfə İtaliya çempionu, 6 dəfə İtaliya kuboku, 6 dəfə İtaliya Superkubokunu qazanıb.

Beynəlxalq arenada isə Çempionlar Liqası, Klublararası dünya çempionatı, Kuboklar kuboku və UEFA Superkubokunun qalibi olub. Yarımmüdafiəçi dünya çempionatlarının final mərhələlərinə Yuqoslaviya, Serbiya və Çernoqoriya, Serbiya yığmalarının hər biri ilə qatılıb.