Tərlan Əhmədov: Azərbaycanda heç bir futbolçuya o qədər pul verilməyib
30.09.2013 - 16:28
Tərlan Əhmədov: Azərbaycanda heç bir futbolçuya o qədər pul verilməyib
“Kanales “Neftçi”dən elə bir məbləğ istəmişdi ki, indiyə qədər Azərbaycanda heç bir futbolçuya o qədər pul verilməyib”. Bu sözləri apasport.az saytına “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.

Gənc çalışdırıcı söhbət zamanı “Neftçi”nin əsas fiqurlarından olan çilili Nikolas Kanales və syerra-leoneli Julius Vobayın bu yay komandadan ayrılmalarına da toxunub.

Əhmədov bildirib ki, Kanales tələblərini irəli sürərkən vəziyyəti düzgün qiymətləndirməyib: “Bəli, Kanales əla hücumçu idi. Ancaq fikrimcə, o, vəziyyəti düzgün qiymətləndirmədi. Kanales indiyədək heç bir çempionatda 26 qol vurub, bombardir olmamışdı. O, bir futbolçu kimi “Neftçi”də açılışdı, öz oyununu tapdı, komanda yoldaşlarının sayəsində bombardir oldu. Lakin bunu dəyərləndirmədi, nəzərə almadı. Nə deyim, öz işidir. Futbolçu seçim etməkdə azaddır. Bizə düşən ona uğurlar arzulamaqdır. Vobaya gəlincə, özü getmək istədi. Rəhbərlikdən xahiş etdi ki, mühiti dəyişmək istəyir. Təəssüflənmirik, bu gün bizim Araz Abdullayevimiz var, “Sumqayıt”da icarədə çıxış edən Elşən Abdullayevimiz var. “Neftçi” uğur qazanmaqla yanaşı, gənc futbolçularımızın yolunu açmağı da qarşısına məqsəd qoyub”.

Qeyd edək ki, ötən mövsüm vurduğu 26 qolla Topaz Premyer Liqasının bombardiri olan Nikolas Kanales “Nefçi” ilə başa çatan müqaviləsinin müddətini uzatmayaraq vətənə dönüb. O, hazırda “Kolo Kolo”nun formasını geyinir. Julius Vobay isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şaab” klubuna üz tutub. “Neftçi” ilə 2 illik müqaviləsi olan futbolçu orada icarə əsasında çıxış edəcək. Bakılılar yarımmüdafiəçisini 1 illik icarəyə verib.