“Bizi böyük kimi qəbul edirlər”
30.09.2013 - 17:30
“Bizi böyük kimi qəbul edirlər”
“Neftçi” klubunun baş məşqçi əvəzi Tərlan Əhmədov bu gün apasport.az saytının qonağı oldu. Redaksiyamıza təşrif buyuran gənc çalışdırıcı bizimlə söhbətində bir çox məqamlara aydınlıq gətirdi.

- “Neftçi” Topaz Premyer Liqasının VIII turunda “Qarabağ”ı qəbul etdi. Ağdamlılarla duelin gərgin mübarizə şəraitində keçəcəyi gözlənilən idi. Komandaların hazırkı vəziyyətini göz önünə alıb, daha çox müdafiəyə diqqət ayıracaqları proqnozlaşdırılırdı ki, belə də oldu. Qeydə alınan heç-heçə hər iki tərəfin 1 xal üçün oynamasının nəticəsidir?
- Biz heç bir oyuna 1 xal üçün çıxmırıq. “Neftçi” rəqibin kimliyindən asılı olmayaraq, qələbəyə oynayan bir komanda imicinə sahibdir. “Qarabağ” bizim əsas rəqiblərimizdən biridir. Hər iki klub daim çempionluq uğrunda mübarizə aparıb və “Neftçi” ilə “Qarabağ”ın duelləri hər zaman böyük marağa səbəb olub. Budəfəki duelə gəlincə, çox əziyyət çəkdik, ancaq imkanlarımızdan istifadə edə bilmədik. Mahir Şükürovun, Cavid İmamverdiyevin, Bruno Bertuççinin fərqlənmək şansı olsa da, alınmadı. İkinci hissədə artıq müdafiəyə üstünlük verməyə başladıq ki, bu da anlaşılandı. Oyunun sonlarına doğru arxa xətdə ani bir səhv baha başa gələ bilərdi. Futbolda “vurmayana vurarlar” prinsipi var. Bu mənada işimizi tədbirli tutmağı məqsədəuyğun saydıq. Ümumilikdə əzmkar oynadıq, bacarığımızı ortaya qoyduq. Oyundan razıyam. Rəqibin “Qarabağ” olduğun nəzərə alsaq, 1 xal da pis deyil. Lakin “Neftçi”nin hədəflərini, evdə oynadığımızı
əsas götürsək, 2 xal itirdiyimizi söyləyə bilərəm.

- Geridə qalan VIII turdan sonra “Neftçi” 15 xalla 3-cü pillədədir. Komandanın lider “Qəbələ”dən 1 xal, “Qarabağ”dan isə top fərqində geri qaldığını nəzərə alsaq, hazırkı göstəriciləri qənaətbəxş saymaq olar. Bəs Tərlan Əhmədovun baş məşqçi postuna təyinatı niyə yubanır? Mətbuatda çıxan xəbərlərdə təyinatınızın ilk 5 turun nəticələrindən asılı olduğu qeyd olunurdu...
- Rəhbərliklə aramızda belə bir söhbət olmayıb. İlk 5 turun nəticələrinə əsasən baş məşqçi məsələsinə aydınlıq gələcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Prezidentlə aramızda bu yöndə anlaşma olmayıb. Bizdə yaxşı məşqçilər korpusu var, qərarları birlikdə qəbul edirik. Kimin baş məşqçi olmasının önəmi yoxdur. Əsas odur ki, kollektivdə birlik-bərabərlik, mehribançılıq olsun. Əldə olunan nəticələrə gəlincə, biz bu gün liderlər qrupundayıq, çempionluğa iddialı əsas klublardan biriyik. Ötən mövsümə, ondan əvvəlki çempionata baxsaq, “Neftçi”nin 8 turdan sonra liderlərdən 4-5 xal geri qaldığını görərik. Ancaq indi “Qəbələ” ilə aramızda 1 xallıq fərq var. Futbol 1-2 oyunla ölçülmür. İrəlidə 28 tur var. 8 turda yaxşı oynamaqla heç bir şey həll olunmur. Əsas odur ki, bu tempi saxlayaq. Rəqabətə davam gətirəcək gücdəyik və bunu meydanda rəqiblərimizə bir daha isbatlamalıyıq. Titulu qorumaq onu qazanmaqdan həmişə çətin olub.

- Ancaq razılaşın ki, “Neftçi” kimi bir klubun baş məşqçisinin olmaması, bununla bağlı qeyri-müəyyənliyin davam etməsi çox çəkə bilməz. Belə davam edərsə, bu, əvvəl-axır fəsadların göstərəcək. Hər halda, futbolçu da bilməlidir ki, uzun marafona kimin rəhbərliyi altında davam edəcək...
- Yenə də deyirəm, hazırkı anda önəmli olan futbolçuların indiki məşqçilər korpusunu qəbul etsinlər. “Neftçi” bir ailədir, onu da böyüyü prezidentdir. Sadıq Sadıqov kollektivdə artıq-əksik nəyinsə yaşanmasına imkan verməz. Ümumiyyətlə, işimizə mane olacaq hansısa maneə, problem yoxdur. Futbolçular sözümüzü eşidir, bizi bir böyük kimi qəbul edirlər. Əldə etdiyimiz nəticələr də göz önündədir. Liderlər qrupundayıq, oyunumuzda ciddi qüsur yoxdur, nəticələr də normaldır. Bircə “Bakı” ilə səfər görüşündə 0:3 hesabı ilə məğlubiyyətlə üzləşməyimiz ürəkaçan olmadı. Deyərdim ki, öz səhvimizdən uduzduq və artıq bundan nəticə çıxarmışıq. Önəmli olan eyni səhvi təkrar etməməkdir. Qaldı ki, baş məşqçi məsələsinin həllini tapmasına, burda söz sahibi klub prezidentidir. Sadıq müəllim nəyi necə, nə vaxt etməyi yaxşı bilir. Bizim üzərimizə düşən öz işimizlə məşğul olmaqdır. Rəhbərlik “Neftçi” kimi klubu bizə həvalə etməklə böyük etimad göstərib. Bu gün həm məşqçilər korpusu, həm də futbolçular üçün ilk növbədə komandanın uğur qazanması maraqlıdır. Digər məsələlər öz həllini tapacaq.

- Hazırkı durum sizi sıxmır ki? Üzərinizdə təzyiq hiss edirsiniz?
- Xeyr, heç bir təzyiq-filan yoxdur. Bizim üçün hər cür şərait yaradılıb. Düzdür, mətbuatda bəzən baş məşqçi məsələsində qeyri-müəyyənlik, oyunumuzla bağlı tənqidlər olur. Lakin oyun planında gerilədiyimizi söyləmək olmaz. Nəticələrimizi isə əvvəlki mövsümlərlə müqayisə edə bilərsiniz. Statistika hər şeyi deyir.

- İstər dünya, istərsə də ölkəmizdəki praktikadan görmüşük ki, baş məşqçi postundan çıxarılandan sonra həmin şəxs klubda hansısa başqa vəzifəyə gətirilirsə, bunun axırı yaxşı olmur. Əksər hallarda sabiq çalışdırıcı xələfinin uğur qazanmasını istəmir və ona mane olmağa çalışır. Təbii, bunu hər kəsə şamil etmək olmaz. Ancaq maraqlıdır, “Nefçi”nin baş məşqçi postundan istefa verdikdən sonra klub prezidentinin müşaviri təyin edilən Böyükağa Hacıyev işinizə müdaxilə etmir ki?
- Böyükağa müəllim “Neftçi” ailəsinin bir üzvü olub, komandanı ardıcıl 2 dəfə çempion edib. İndi elə alındı ki, istefa verməli oldu. Hazırda onun işimizə heç bir müdaxiləsi yoxdur. Olur, hərdən birbaşa özü etməsə də, işçilərin vasitəsi ilə məsləhətlərini çatdırır. Onun istefasından sonra vəziyyət heç də yaxşı deyildi. “Skenderbeu”ya məğlubiyyətdən sonra komandadakı ruh düşkünlüyünün çempionatdakı çıxışımıza mənfi təsir edəcəyində ehtiyatlanırdıq. Şükürlər olsun ki, birlik-bərbərlik sayəsində həmin günləri geridə qoyduq, toparlandıq. Komanda özünə gəldi, mövsümə yaxşı başladıq. İlk 3 turda əldə edilən qələbələr əhval-ruhiyyəmizi yaxşıya doğru köklü şəkildə dəyişdi.

- “Neftçi”nin çempionata yaxşı başlamasına diqqət çəkdiniz. Biz məsələn, AZAL və “İnter”lə (4:1, 3:1) oyunlarda rəqibinə aman verməyən bir komanda gördük. Lakin “Bakı” və “Sumqayıt”la (0:3, 0:0) görüşlərdə meydanda qol vurmaqda çətinlik çəkən bir “Neftçi” vardı. Bu qarşılaşmalar arasında fərq nədədir? Nəyi düz etmədiniz?
- Bahodir Nasimovun meydanda olmağı “Neftçi”nin oyununa böyük təsir göstərir. İlk 2 turda onun oynamağı, vurduğu qollar, ötürmələr öz sözünü deyirdi. Lakin hələdə formasını tam bərpa etməyib. “Xəzər Lənkəran”la oyuna yığmadan bir qədər yorğun dönmüşdü. Nasimovun özünü tam qoymadığı görüşlərdə çətinlik çəkirik. Melvin Platye isə uyğunlaşma dövrü keçirir. Nforun da durumu eynidir. Hər iki futbolçudan çox şey gözləyirik.

- Platyenin “Neftçi”yə, “Neftçi”nin Platyeyə uyğunlaşa bilməməsini onun Nikolas Kaneleslə eyni tip forvard olmaması ilə bağlıdır?
- Bəli, haqlısınız. Kanales sırf hücumçu idi, əla qol duyumu vardı. O, hər bir vəziyyətdən “çərçivə”yə düşə bilirdi. Platyenin üstünlüyü isə onun sürətindədir. Çalışırıq ki, ondan fərqli şəkildə yararlanaq.

- “Neftçi”nin hazırkı heyətini çempion olmaq üçün yetərli sayırsınız?
- Bəli, heyətimizdə yetərincə səviyyəli futbolçular var. Hər birinin işə münasibətindən razıyıq. Bizim əsas sıxıntımız qol imkanlarını reallaşdırmaqla bağlıdır, hansı ki, son oyunlarda bunun əziyyətini çəkirik. İnşallah, Nasimov, Nfor və Platye öz oyunlarını tapan kimi bu problem də çözüləcək. Bu gün “Neftçi” daha çox oyunu cinahlardan qurmaq, sürəti, oyunu tempini artırmaq barədə düşünür. Çünki avrokuboklarda görüşlər bizə beynəlxalq arenayla ayaqlaşmaq üçün çalışmalı olduğumuzu göstərdi. İşimizi yalnız daxili birinciliyə hesablamamalıyıq, Avropada duruş gətirəcək komanda formalaşdırmalıyıq.

ŞAMO