“Mən də nəhəng klubun bir parçasına çevrildim”
01.10.2013 - 08:05
“Mən də nəhəng klubun bir parçasına çevrildim”
“Qalatasaray” kimi böyük bir klubun baş məşqçisi təyin olunduğum üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisi Roberto Mançini deyib.

Fatih Terimin istefasından sonra boş qalan baş məşqçi postuna təyin olunan italiyalı mütəxəssis İstanbul təmsilçisinin “sükanı arxasına” keçməsinə münasibət bildirib. Mançinin oktyabrın 2-də Çempionlar Liqasının qrup mərhələsinin II turunda həmyerliləri – “Yuventus”la qarşılaşmada debüt etməsinə də şərh verib: “Demək olar ki, mən də nəhəng klubun bir parçasına çevrildim. Yeni komandamda ilk oyunum Çempionlar Liqasında “Yuventus”a qarşı olacaq. Bu da mənim üçün xüsusi bir hadisədir. İtaliya klubuna qarşı matçda debüt etməyim xoşbəxt bir təsadüfdür”.

Qeyd edək ki, sabah keçiriləcək “Yuventus” – “Qalatasaray” oyunu Turində baş tutacaq.