“Sumqayıt” rəhbərliyinin özbaşınalığı cəzasız qalmadı
01.10.2013 - 12:28
“Sumqayıt” rəhbərliyinin özbaşınalığı cəzasız qalmadı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının VIII turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

“Xəzər Lənkəran”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “İnter” 1000 manat cərimələnib. “Bakı ilə səfər görüşündə 4 oyunçusu “sarı” alan “Sumqayıt” da analoji məbləği AFFA-nın büdcəsinə ödəyəcək. Üstəlik, oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Həmçinin, mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün 2000 manat məbləğində ziyana düşüb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Neftçi” 1000 manat cərimələnib. Oyunun 57-ci dəqiqəsində ağdamlı azarkeşlər tərəfindən meydançaya kənar əşya atması səbəbindən “Qarabağ” 2000 manat ödəyəcək. Matçın 10 və 59-cu dəqiqələrində “Neftçi” fanatları tərəfindən pirotexniki qurğular yandırıldığına görə paytaxt klubu 1000 manat cərimə olunub.

“Simurq” – “Qəbələ” görüşünün 36-cı dəqiqəsində meydan sahiblərinin kapitanı İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb.