Ata etirazı: Tərslikdən Xaqani Məmmədov da orada olub
02.10.2013 - 12:34
Ata etirazı: Tərslikdən Xaqani Məmmədov da orada olub
“Cavan kadrdı, səhvə yol verib. Tərslikdən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da orada olub. Təcrübəli hakim kimi, mən də oğluma bildirdim ki, səhv etmisən, elə penalti olmaz. Epizodun videosuna bir neçə dəfə baxdıq. Düzgün qərar qəbul etmədiyi aydın görünür”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq hakim Emil İsgəndərov deyib.

AFFA bayrağı altında keçirilən bir çox oyunlarda idarəçilik edən İsgəndərovun oğlu Elməddin hazırda atasının yolunu davam etdirir. Lakin gənc referi U-17 liqasının açılış turu çərçivəsində baş tutan “İnter” – “Qəbələ” görüşündə xoşagəlməz halla üzləşib.

Belə ki, qonaqlar 2:0 hesabı ilə öndə olduğu vaxt onun meydan sahiblərinin qapısına təyin etdiyi gülünc penaltidən sonra aləm bir-birinə dəyib. Bundan hiddətlənən meydan sahibləri baş hakimi söyüşə “qonaq edərək”, meydanı tərk etmək istəyiblər. Lakin AFFA nümayəndəsi onları geri qayıtmağa razı sala bilib və görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:4.

Qalmaqalla bağlı saytımıza açıqlama verən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Elməddin İsgəndərovun hakimlikdən birdəfəlik uzaqlaşdırılacağını istisna etməyib. Ancaq ata İsgəndərov bununla razı deyil: “Premyer Liqa hakimlərinə çarə qılsınlar, sonra cavanlara keçsinlər. Bu, cavan kadrdı, işi yeni öyrənir. Təcrübə toplayanadək səhvləri mütləq olacaq. Hamı səhv edə-edə öyrənib də. Oğlumun səhvinə haqq qazandırmıram. Lakin hakimlikdən uzaqlaşdırmaq düzgün deyil. Gənc bir hakimi indidən ömürlük cəzalandırmaq olar? Bu cür ağır cəzalar tətbiq etmək istəyirlərsə, Premyer Liqada gündə bir komediya çıxardanlardan başlasınlar”.

Qeyd edək ki, Emil İsgəndərov karyerası ərzində dəfələrlə hakimlikdən kənarlaşdırılıb.