“Geri dönüşümə mərc etsəniz, pulunuzu küləyə sovurmuş olacaqsınız”
02.10.2013 - 13:20
“Geri dönüşümə mərc etsəniz, pulunuzu küləyə sovurmuş olacaqsınız”
“Bundan sonra “Mançester Yunayted”də işləmək istəmirəm. Ümumiyyətlə, yenidən məşqçilik etmək niyyətim yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusson deyib.

Şotlandiyalı mütəxəssis Mançester təmsilçisinin “sükanı arxası”ında keçirdiyi 27 ildən sonra bu yay təqaüdə çıxdı. Lakin onun postunu təhvil verdiyi həmyerlisi Devid Moyesin işləri heç də yaxşı getmir. İngiltərə Premyer Liqasında geridə qalan 6 turdan sonra hesabında 7 xal olan “Mançester Yunayted” 12-ci pillədə qərarlaşıb. Bu isə son illərin ən uğursuz göstəricisidir.

Təsadüfi deyil ki, artıq Ferqyussonun geri dönəcəyi ilə bağlı məlumatlar yayılıb. Lakin Ser Aleks belə bir fikrinin olmadığını bəyan edib: “Komanda Moyesin timsalında yaxşı əllərdədir. Hər şey yoluna düşəcək, o, əla məşqçidir. Əgər mənim geri dönüşümə mərc etsəniz, pulunuzu küləyə sovurmuş olacaqsınız. Mən qərar qəbul etmişəm: yeni həyata başlayıram, geriyə yol yoxdur”.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis baş məşqçi karyerasına 1974-cü ildə başlayıb. 39 illik çalışdırıcılıq karyerasının 27 ilini “Mançester Yunayted”də keçirən və əfsanəyə çevrilən Ferqyusson bu il komandasına 20-ci - yubiley İngiltərə çempionluğunu qazandıraraq karyerasını bitirib.

1986-cı ildən bu klubda çalışan baş məşqçi çempionluqlardan 13-nün memarıdır. Bundan başqa, onun rəhbərliyi altında klublararası dünya çempionatı, Qitələrarası kubok, UEFA Superkuboku, 2 dəfə Çempionlar Liqası, Kuboklar kuboku, 5 İngiltərə kuboku, 4 Liqa kuboku qazanılıb.