Yığmamızla oyun öncəsi Norveçdə baş məşqçi problemi
02.10.2013 - 13:45
Yığmamızla oyun öncəsi Norveçdə baş məşqçi problemi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Norveç yığması çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar oktyabrın 10-da millimizə qarşı matçda baş məşqçi problemini yaşayacaq.

Buna səbəb U-21-in baş məşqçisi Tor Ole Skullerudun müvəqqəti başqa işə cəlb olunmasıdır. Belə ki, Norveçin əsas yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2014-ün seçmə mərhələsinin son oyunları ərəfəsində başçılıq etdiyi korpusda dəyişiklikləri zəruri sayıb. Mütəxəssis U-21-in çalışdırıcısı Skullerudu köməkçisi kimi əsas komandaya cəlb edib. 2 oyunluq Hoqmoya kömək edəcək daha bir mütəxəssis isə U-21-i fizioterapevt Tomas Odeqaard da əsas millidə olacaq.

Sloveniya və İslandiya ilə matçlara görə U-21-in qurban verilməsinə münasibət bildirən Skullerud yetirmələrinə güvəndiyini bildirib: “Əsas yığmada çalışmaq çox maraqlıdır. U-21 üçün isə heç narahat deyiləm Bu komanda mənsiz də özünü göstərə bilər. Səbirsizliklə Hoqmo ilə çalışacağım anı gözləyirəm”.

Qeyd edək ki, Azərbaycan yığması Norveçlə Drammen şəhərindəki “Marienlist” stadionunda görüşəcək. Əsas komanda isə ertəsi gün Sloveniyanın qonağı olmalıdır.