AFFA-nın müraciətinə müsbət cavab
02.10.2013 - 15:19
AFFA-nın müraciətinə müsbət cavab
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə oktyabrın 15-də baş tutacaq oyunu ilə əlaqədar Bakı Metropoliteni iş qrafikini dəyişib. Apasport.az-ın qurumun rəsmi internet saytına istinadən məlumatına görə, saat 22:00-da başlayacaq qarşılaşma təxminən 00:00-da başa çatacağından həmin gecə metro bir qədər gec bağlanacaq.

Belə ki, oyunu izləyən azarkeşlərin matçdan sonra daşınmasında metropolitenin zəruriliyini nəzərə alaraq quruma müraciət edən AFFA-nın xahişi müsbət cavablandırılıb. Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib ki, oktyabrın 15-dən 16-na keçən gecə oyundan sonra, istisna hal kimi, metro son azarkeş - sərnişinə qədər xidmət göstəriləcək.

Qeyd edək ki, adi vaxtlarda metropoliten hər gün səhər saat 6:00-dan gecə saat 00:00-a qədər işləyir.