“Baş”sız qəhrəman
02.10.2013 - 23:01
“Baş”sız qəhrəman
Futbolda gəncləşdirmə siyasəti aparmaq yalnız oyunçuların təvəllüdlərinə “barmaq eləmək”lə olmur. İdmanın şahını taxtda saxlamaq istəyiriksə, “gənclik şərbəti”ni məşqçilərə də içirtmək lazımdı. Bununla, mən iliyində sovet məktəbinin hüceyrələrini daşıyan mütəxəssisləri kənara atmaq istəmirəm. Onlar “yeni qan” yaratmaq funksiyasını ləng də olsa, hələlik icra edirlər.

Ancaq ortada yeni rüşeymlərin az olması istər-istəməz narahatçılıq doğurur. Bu baxımdan “Qarabağ” klubundakı Qurban Qurbanov təcrübəsini misal gətirməklə, dediklərimi əsaslandırmağa çalışacağam.

Qurbanov “Qarabağ”dakı 6 illik məşqçilik fəaliyyəti dövründə komandasını 3 dəfə Avropa Liqasının pley-off mərhələsinə daşısa da, azarkeşlərə çempionluq sevincini yaşada bilməyib. Amma rəhbərlik ara-sıra meydana gələn təzyiqlərə rəğmən, gənc mütəxəssislə yollarını ayırmadı və məncə, düz də etdi. Hazırda Qurbanovun millidə baş məşqçi postuna əsas namizəd kimi göstərilməsi də ona verilən şansın nəticəsi idi.

Fikrimcə, Qurbanov Azərbaycanda potensialı olan yeganə gənc məşqçi deyil. Kimə şans verdik ki, yarıtmazlığından şikayət edək? İndiki məqamda daha bir gənc məşqçini qazanmaq imkanımız var. Vaxtilə Azərbaycan yığmasının aparıcı üzvlərindən sayılan Tərlan Əhmədov artıq bu ağır yükün altına çiyin qoyacaq səviyyədədir.

Onsuz da futbolumuzda böyük uğurları ilə öyünə biləcək simalar yoxdur. “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun yanında təcrübə toplayan, “Neftçi”də köməkçi məşqçi kimi 2 dəfə çempionluq yaşamış və komandanın nailiyyətlərində pay sahib olan Əhmədov bu şansa layiqdir. Zatən, bir çoxlarına hələ Böyükağa Hacıyevin dönəmində əsas işi Tərlan bəyin gördüyü bəllidir. Komandanı praktiki olaraq oyunlara məhz Əhmədov hazırlayırdı. Düzdür, son və əsas söz sahibi heç Hacıyev də deyildi. Lakin Əhmədovun “Neftçi” üçün bir köməkçi-məşqçidən artıq olduğunu ölkə futbolunu yaxından izləyən hər kəs bilir.

“Zəif”in “Skenderbeu” fiaskosunun sonra klub rəhbərliyi gənc məşqçiyə etimad etdi. Bununla belə, özünütəsdiq üçün sınağa başlayan Əhmədov üçün imtahan hələ də davam edir. Onun məşqçi vəzifəsinin qarşısına “baş” sözünü əlavə etməklə, “Neftçi” heç nə itirməyəcək. Əksinə, bu, Əhmədovun məsuliyyətini ikiqat artıracaq və biləcək ki, futbolçuların meydançadakı hər addımına bilavasitə cavabdehdir. Lakin Tərlan bəyin vəzifəsindən asılı olmayaraq, üzərinə düşən işi canla-başla yerinə yetirəcək xarakterə malik olduğunu qeyd etməkdə də fayda var.

Adam başını aşağı salıb, işi ilə məşğuldur. Hətta, maaş alacaq bir yeri olsun deyə, klub prezidenti Sadıq Sadıqovun yanına müşavir götürdüyü Hacıyevin dönüşündən də narahat deyil, özü söyləyib. Düzdür, bəziləri “Zəif”in arası olmadığı Əhmədovun ayağının altını qazmaqla məşğul olduğunu, onun baş məşqçi postuna təyinatının bu səbəbdən yubandığını deyir. Lakin gənc çalışdırıcı bu kimi şayiələrə fikir verməməyə çalışır.
İndiki halda, komanda məşqçilər korpusuna tapşırılsa da, futbolçuları oyunlara hazırlayan və mətbuat konfranslarında jurnalistlər önünə çıxan da Tərlan Əhmədovdur.
Əgər gənc məşqçi özündə güc tapıb sinəsini qabağa verirsə, onun arxasında dayanmaq lazımdır.

Onun məşqçi kimi fövqəlbəşəri istedad olduğunu demək istəmirəm. Amma Azərbaycan futbolunda pöhrələr elə tez-tez yaranmır ki, başından vurub əzəsən. Geridə qalan 8 turdan sonra “Neftçi” turnir cədvəlində iddialılar cərgəsində qərarlaşıbsa, tərəddüd etməyin yeri deyil. Onsuz da futbolda uğursuzluq məşqçinin cavan, yaxud qoca olmasının heç bir əhəmiyyət daşımadığı məlum məsələdir.

Əhmədov baş məşqçi kimi yarıda da bilər, yarıtmaya da. Bəzi həmkarlarım onun adı gələndə “Hapoel faciəsi”ni xatırladır. Əminəm ki, əksinə olsaydı, gənc mütəxəssisi dahi edəcəkdik. Hər halda, mən “qızıl orta”nın tərəfdarıyam. Əgər “Neftçi” yerli çalışdırıcıya güvənməkdə israrlıdırsa, Tərlan Əhmədov variantı daha məqsədəuyğundur. Adam son iki mövsüm çempion titulunu qoruyan “Neftçi” ailəsinin bir parçasıdır. Baş məşqçi olmağa hamıdan çox layiq olması öz yerində, Əhmədov komandaya, futbolçuların potensialına, rəhbərlik isə onun kimliyinə bələddir.

Ancaq layiq olmaq, hələ haqqın olanı əldə etmək demək deyil. Kim bilir, postuna geri dönmək xəyalları ilə yaşayan Hacıyev və ya transfer məsələlərini əlində saxlamaq üçün hər şeyə hazır olan vitse-prezident Tahir Süleymanov onun yoluna elə bir daş qoyacaq ki...