Subaşiç oynadı, “Orduspor” qalib gəldi
03.10.2013 - 04:57
Subaşiç oynadı, “Orduspor” qalib gəldi
Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.

PTT Birinci Liqa təmsilçisi aşağı divizionda çıxış edən “Gölcükspor”la qarşılaşıb. Ordulular zəif rəqib qarşısında çətinlik çəkib. Belə ki, 90 dəqiqəsi qolsuz başa çatan matçın əlavə vaxtında da fərqlənən olmayıb və tərəflər penaltilərə üz tutub. Penaltilərdə daha dəqiq oynayan “Orduspor” növbəti mərhələyə adını yazdırıb.

Zəif rəqibi qarşısında əsasən ehtiyat oyunçuları meydana buraxan baş məşqçi Ərkan Sözeri qol vurmaqda çətinlik çəkdiklərini görüncə 75-ci dəqiqədə Branimir Subaşiçə də şans verib. Forvardımız oyunda fərqlənə bilməsə də, "Orduspor"un ilk penalti zərbəsini qola çevirib.

Türkiyə Kuboku
II tur

2 oktyabr


“Gölcükspor” – “Orduspor” - 0:0 (penaltilər - 4:5)