Yuri Syomin: O, icarəyə verilməlidir
03.10.2013 - 08:46
Yuri Syomin: O, icarəyə verilməlidir
“Hər bir peşəkar futbolçu ehtiyatda oturmaq yox, meydanda olmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

66 yaşlı rusiyalı mütəxəssis Moskva “Spartak”ının futbolçusu, əsas heyətə düşməkdə çətinlik çəkən Kirill Kombarov haqda fikirlərini açıqlayıb.

Syomin yüksək fikirdə olduğu oyunçu üçün çıxış yolu kimi icarəyə verilməsini görür: “Dinamo”da çıxış etdiyi vaxt Kirill çox istedadlı futbolçu sayılırdı. Onu hədər yerə mövsümün oyunçusu seçməmişdilər. Lakin “Spartak”da işləri alınmadı. Düzdür, bəzi parlaq dövrləri oldu. Amma qardaşı Dmitridən fərqli, komandada möhkəmlənməyi bacarmadı. Əgər “Spartak” onu icarəyə vermək istəsə, Kirill bununla razılaşmalıdır. Artyom Dzyuba nümunəsi var. İndi o, çempionatın ən yaxşı bombardiridir, milli komandaya çağırılır”.

Qeyd edək ki, Syomin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra komandasına rusiyalı futbolçu transfer olunmayıb.

Kombarovun icarəyə verilməsinin müzakirəyə çıxarılması onun yaxın gələcəkdə ölkəmizə də gəlmək perspektivini istisna etmir. Bəlkə də Syomin Kirillin məhz onun komandasına icarəyə verilməsini istəyir.