Peşəkar Futbol Liqasının senzurası
03.10.2013 - 11:00
Peşəkar Futbol Liqasının senzurası
Azərbaycan futbolu düşündüyünüz qədər də maraqsız deyil. Yetər ki, ən azı bir dəfə stadiona baş çəkəsiniz. İnan, diqqətinizi cəlb edəcək, zövq alacağınız bir şeylər görəcəksiniz. Ən pis halda, saatlarla vaxt keçirdiyiniz zirzəmilərdə yerləşən internet salonlarından, siqaret tüstüsündən göz-gözü görməyən çayxanalarda başınızı çıxardıb, tribunada təmiz hava alacaqsınız. Eyniniz açılacaq, meydanda izlədiyiniz futbol ürəyinizcə olmasa belə.

Səs-küylü paytaxtdan aralanıb bölgələrimizdə futbol izləməyin öz ləzzəti var. Hər səfər bir xoş xatirə kimi qalır. Məsələn, ABN-in vaxtında Bərdədə keçirdiyim bir gün indiki kimi yadımdadır. Səfərim may ayına təsadüf etmişdi, əyalət klubu “İnter”i qəbul edirdi.
Yüngül yağış yağdığından tribunada qeydlərimi apara bilməyəcəyimi görən Bərdə klubunun prezidenti oyunu VİP-dən izləməyə dəvət etdi, sağ olsun. Yanımda bir boş yer vardı, dedi onu saxla, gələn olacaq.

Start fiti “bankirlər”in hücumlarını bərabərində gətirdi. Təxminən 15 dəqiqə sonra boş yerin sahibi də özünü yetirdi. Üst-başından, davranışından hiss olunurdu ki, vəzifə sahibidir. Bir qurtum çay içib, “qağa, şot neçədir” – soruşdu. Dedim “İnter” ikisini vurub (Valter Quqlemonla Petar Zlatiov fərqlənmişdi). Kişi bunu eşidən kimi, telefonu götürüb kiməsə zəng vurdu: “Uşaqları yığ dominoya, gəlirəm. Bunlar futbolçu yox, qazotarandı”.

Yeri gəlmişkən, bu yaxınlarda baxımsız qalan Bərdə şəhər stadionunda qazların otlaması ilə bağlı xəbər oxudum, bu, öz yerində. Sizə oyundan sonra təşkil olunan mətbuat konfransından danışım. Qarşılaşmanı izləyən yeganə mətbuat nümayəndəsi olduğumdan “üçlük”də keçdik balaca bir otağa. ABN-in mətbuat xidməti-filan da yoxuydu, özüm yola verməli idim.

Valentin Xodukinin “xodgedən” vaxtları idi, köməkçisi Elxan Abdullayevi göndərmişdi. Dar bir otaqda bir masa, bir də skamya vardı. Üz-üzə oturmaq şansımız olmadığından boy sırasına düzülüb, əyləşdik. İki cümlə Abdullayev, üç cümlə də Əli Quliyev danışdı, bitirdik. Ancaq mən hələ oyunun protokolunu da götürməli idim. Bu, o vaxtlar bir az uzun məsələ idi. Hakimlər gedib yuyunmalı, sonra gəlib protokolu doldurmalı, biz isə bir nüsxəsini götürməli idik. Xaqanin Məmmədovun dəstəsi işlərini bitirdi, artıq hava qaralırdı. Matçın hakim-inspektoru Novil İsmayılovun “Jiquli”si ilə şəhərdə “kserokopiya” axtarışına çıxdıq. Gəl ki, çox gəzsək də, tapa bilmədik. Axırda Novil müəllim lazım olanları dəftərçəsinə qeyd edib, öz protokolunu mənə verdi. Bakıya çatanda artıq saat iki idi. Mən isə hələ Sumqayıta getməli idim...

Yazdıqlarımı oxuyub, yəqin ki, dediklərimin 1997-98-ci illərdə baş verdiyini düşünürsünüz. Mən sizinlə 2008-ci ildə yaşadığım bir günlə bağlı xatirələrimi bölüşdüm. Bəli, 2008-ci ildə... Elə həmin il AFFA prezidenti Rövnəq Abdullayevin qərarı ilə Peşəkar Futbol Liqası (PFL) təsis edildi.

Bəlkə də, kiməsə qəribə gələr, lakin indi PFL-in rəsmi saytından matçların protokolunu götürəndə həzz alıram. Heç kimi gözləmədən, “kserokopiya” axtarışına çıxmadan, özü də oyun bitəndə yarım saat sonra. Çox sağ olsunlar, ancaq futbola axan milyonların, texnologiyanın yaratdığı imkanların müqabilində bunlar olmalıdır. Yəni Ramin Musayevin rəhbərlik etdiyi qurum görməli olduğu işi görür. Ancaq yaxın keçmişdə çətinlikləri görən biri kimi, hər şeyə görə təşəkkür edirəm.

Təbii, iş olan yerdə nöqsan da olmalıdır. Lakin biri var gözdən qaçan səhv, biri də var yanlış yanaşma. Hər kəsə məlumdur ki, oyundan sonra təşkil olunan mətbuat konfranslarında baş məşqçilərin fikirləri “qayçılanaraq” PFL-in rəsmi saytına yerləşdirilir. Musayevin rəhbərlik etdiyi qurum söz azadlığının olduğu deyildiyi bir ölkədə açıq-aşkar senzura tətbiq edir. Məsələn, Premeyr Liqanın sonuncu turunda “Bakı” ilə səfər matçından sonra “Sumqayıt”ın baş məşqçisi ironiya ilə hakimlərin ünvanına bir neçə kəlmə söz deyib. Adı “qeyri-etik ifadə” qoyub, buna görə məşqçiyə 2 min manat cərimə kəsiblər, bu, öz yerində. Məmmədovun hansı sözlərə görə cərimələndiyini bilmək üçün PFL-in saytına baxmaq vaxt itkisidir, orada belə şeylər olmur. Niyə, nə üçün?

Demirəm ki, kiminsə işlətdiyi söyüşləri də dəqiqliyi ilə klubun saytına yerləşdirin. Bəs tənqidə nə sözünüz? Hakim də oyunun bir iştirakçısıdır. Əlinə fit verdiyiniz hansısa referi bir komandanı yıxıb-sürüyəndən sonra həmin kollektivin baş məşqçisi də özünə bəraət qazandırmaq üçün nəsə deməlidir də. Hakim qərəzi ilə üzləşən adam künc bayrağından şikayətlənəsi deyil ki... Və həmin fikirləri də öz saytında yerləşdirmək PFL-in borcudur.

Yaxşı, hakimliklə bağlı danışmağı qadağan etmisiniz, olsun. Hərçənd, dediyim kimi, bu, gülünc bir hərəkətdir. Bəs dediklərini niyə yazmırsınız? Zatən, adam cərimələnəcəyini gözə alıb, danışır. PFL isə baş məşqçinin fikirlərini saytda yerləşdirməlidir ki, ictimaiyyət həmin adamın niyə cəzalandığını, kimin haqsız, kimin haqlı olduğunu özləri ayırd etsin.

Digər tərəfdən, təşkilatçı qurumun baş məşqçilərin fikirlərini olduğu kimi saytda yerləşdirməməyi onlara qarşı hörmətsizlikdir. Şəxsən mən baş məşqçi olsam, bunu PFL-dən tələb edərəm, əks halda, mətbuat konfranslarına gəlmərəm. Onların dedikləri yazılmayandan sonra mətbuat konfranslarını təşkil etməyin nə mənası var?

“İlk hissədə rəqib, fasilədən sonra biz (və ya əksinə) yaxşı oynadıq. Rəqib çox güclü komanda idi (autsayder olsa belə). Oyuna ciddi hazırlaşdıqlarını bilirdik (guya oyuna qeyri-ciddi hazırlaşmaq da olur)” – kimə lazımdır bu mənasız cümlələr?

Senzuraya son qoyun!

ŞAMO