Cihan Özkara: Kubokda sona qədər irəliləmək istəyirik
03.10.2013 - 10:23
Cihan Özkara: Kubokda sona qədər irəliləmək istəyirik
“Oyundan qalib ayrıldığımız üçün sevinc içindəyik. Rəqibə 5 qol vurduq”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın və “Sivasspor”un hücumçusu Cihan Özkara deyib.

“Sivasspor” dünən Türkiyə kubokunun II turunda “Bucak Bələdiyyə Oğuzhanspor”la qarşılaşıb. Superliqa klubu II dəstə klubunu məğlub etməkdə çətinlik çəkməyib. Belə ki, Sivas təmsilçisi öz meydanında rəqibini topa tutub – 5:0.

Oyunda 90 dəqiqə forma geyinmiş Cihan da bu darmadağında iştirak edib. O, 49-cu dəqiqədə hesabı 2:0 edib. Oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən millimizin hücumçusu bunları deyib: “Belə matçlar həmişə çətin keçir. Əvvəldən rəqibi ciddiyə almaq lazımdır və biz bunu bacardıq. Hər iki komanda gözəl çıxış etdi. Kubokda sona qədər irəliləmək istəyirik”.

Qeyd edək ki, Türkiyə kubokunda təmsilçilərimizin komandalarından yalnız “Dənizlispor” III tura vəsiqə qazana bilməyib. Arif İsayevlə Saşa Yunisoğlunun komandası evində “Manavqat Evrənsəkispor”a 1:2 uduzaraq turnirdə mübarizəni dayandırıb.