“O, “lipa” olsa belə, bizim heç bir günahımız yoxdur”
03.10.2013 - 13:41
“O, “lipa” olsa belə, bizim heç bir günahımız yoxdur”
“AFFA İntizam Komitəsinin haqqımızda çıxardığı qərarla bağlı şikayət ünvanlayacağıq. Haqlı tərəf kimi, Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcəyik”. Bunu apasport.az saytına “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimov deyib.

Bu gün İntizam Komitəsinin (İK) U-17 liqasının ilk turu çərçivəsində keçirilmiş qalmaqallı “İnter” - “Qəbələ” oyunu ilə bağlı qərar çıxarıb. Qonaqların 4:2 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim Elməddin İsgəndərovun gülməli penalti qərarı ilə yadda qalmışdı.

Bununla belə, İK-nın son qərarı “Qəbələ”yə texniki məğlubiyyət və 1000 manat cərimə verilməsinə səbəb olub. Səbəb isə “qırmızı-qaralar”ın futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olmasıdır. Futbolçunun yaşını azaltdığı iddia edildiyi üçün baş məşqçi Famil Xəlilova da xəbərdarlıq edilib.

Bu məsələyə isə “Qəbələ” tərəfi fərqli baxır. Nail Kərimov bunda Xəlilovun heç bir günahının olmadığını bildirir: “İlk növbədə onu qeyd edim ki, Famil müəllim futbolçuların sənədləşmə işləri ilə məşğul olmur. O, məşqçidir, oyunçuları hazırlamaqla məşğuldur. Bir sözlə, ona xəbərdarlıq verilməsini anlamaq mümkün deyil. İkincisi, AFFA bizə futbolçunun “lipa” olduğunu təsdiqləyən sənədi təqdim etməlidir. O, bizim sənədlərdə 1998 təvəllüdlüdür. Eşitdiyimə görə, Coşqunun 1996 təvəllüdlü olduğu iddia edilir. O bizə 2 il əvvəl “MKT-Araz”dan gəlib. Biz onu U-13 və U-14 liqalarındakı oyunlarından görüb bəyənmiş və beləcə komandamıza götürmüşük. Yəni, bizə gələndə sənədlərdə 1998 təvəllüdlü olduğu göstərilirdi. Əgər “lipa”dırsa belə, bunda bizim heç bir günahımız yoxdur”.

Səbuhi TOFİQOĞLU