Xaqani Məmmədov: Mən sədr təyin edilənə qədər 1 nəfər də olsun hakim yetişməyib
03.10.2013 - 14:44
Xaqani Məmmədov: Mən sədr təyin edilənə qədər 1 nəfər də olsun hakim yetişməyib
“Yaxşı hakim 4 ilə yetişir. İşə 2008-ci ildə başlamışam. Baxın, bugünkü Əliyar, Orxan, Rauf, Rəhim hardan çıxdı? “Sabahın ulduzlar”ından. Şənbə və bazar günləri hər səhər “Şəfa”ya gedib oyunları izləyirdim. Onlar yan xətt hakimləri idi. Yavaş-yavaş keçirdim mərkəzə, gördüm qablarında var, alınır”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Bazar ertəsi U-17 liqasının açılış turu çərçivəsində baş tutan “İnter” – “Qəbələ” görüşü qalmaqalla yadda qalıb.

Belə ki, qonaqlar 2:0 hesabı ilə öndə olduğu vaxt referi Elməddin İsgəndərovun meydan sahiblərinin qapısına təyin etdiyi gülünc penaltidən sonra aləm bir-birinə dəyib. Bundan hiddətlənən meydan sahibləri baş hakimi söyüşə “qonaq edərək”, meydanı tərk etmək istəyiblər. Lakin AFFA nümayəndəsi onları geri qayıtmağa razı sala bilib və görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:4.

Həmin matçı canlı izləyən Xaqani bəy qalmaqalı şərh edib: “Elməddin İsgəndərovu çox tərifləyirdilər. Qərara aldım ki, idarəçiliyini izləyim. Lakin təəssüf ki, gördüklərim məni çox məyus etdi. Adam bir komandanın xeyrinə nə qədər səhv edər? Belə qərara gəldik ki, bundan sonra təyinat verməyək. Qaldı ki, qalmaqal baş verən kimi oranı tərk etməyimə, hara, niyə qaçmalıyam ki? Əksinə, özüm “İnter”in nümayəndələrində xahiş etdim ki, oyunu davam etdirsinlər”.

Məmmədov gənclərə şans verməklə risk aldığını vurğulayaraq, mətbuatın və klubların bunu nəzərə almadıqlarından şikayətlənib: “Kimsə deməsin ki, biz cavanlara şans vermirik. 2008-ci ildən bəri Azərbaycanda cavanlara verilən şans heç yerdə verilməyib. Özümü tərifləmək üçün demirəm, AFFA 1992-ci ildə yaranıb. Mən 1998-ci ildə Hakimlər Komitəsinin sədri təyin edilənə qədər 1 nəfər də olsun hakim yetişmədi. Oyunları SSRİ vaxtından qalan referilər idarə edirdi. Sədr təyin olunandan sonra cavanları qabağa çəkməyə başladım. İmanxan Sultani, Zöhrab Qədiyev, Azad Mütəllimov, Rövşən Əhmədov, Fariz Yusifov və digərləri mənim vaxtımda üzə çıxdılar. Mən getdim, bir də 2008-ci ildə sədr təyin edildim. Araşdıra bilərsiniz, mənim olmadığım zaman ərzində elitada oyun idarə edəcək səviyyədə cəmi bir hakim yetişib – Vüsal Əliyev, vəssalam. Niyə çıxmadı? Niyə bu gün mən tənqid obyektiyəm? Çünki məndən sonra özlərini riskə atmadılar, əllərindəki təcrübəli hakimlərdən yararlandılar. Düşündülər ki, hansasa gənc referiyə şans verərik, o da səhv edər, sonra bizim başımız ağrıyar. Ancaq mənim iş metodum fərqlidir. Gəldim, yenə gənclərə şans verdim və bu gün onlar səhv edəndə hədəf mən oluram. Təəssüf ki, çox az adam mənim aldığım riski dəyərləndirir. Ancaq təcrübəlilərə şans verək, bəs sabah necə olacaq? Onlar gedəndən sonra yerlərini kimsə doldurmalıdır axı”.