Özünə sənət tap, Nəbiyev!
04.10.2013 - 10:16
Özünə sənət tap, Nəbiyev!
Adını eşidib, oyununu görmədiyim bir azərbaycanlı futbolçu var – İlqar Nəbiyev. Bu günə kimi, hansısa klubun heyətində qol vurmaq, məhsuldar ötürmə vermək bir yana, sarı vərəqə aldığını da eşitməmişəm. Əvəzində, yaxşı müsahibə, açıqlama verməyi var. İllərdi bizim klublara, milli komandamıza “qarmaq atır”. Gəl ki, borc içində üzən “Turan”da belə, oynamaq şərəfinə nail olmayıb. Ancaq hələ də Azərbaycanda top qovmaq, pul qazanmaq sevdasından əl çəkmir.

Hansı mövqedə çıxış etdiyindən də xəbərsizəm. Tək bildiyim qapıçı olmamağıdır, meydan oyunçusudur. Neçə il Türkiyədə qalıb, ancaq “Kayserispor”da heyət üzü görməyib. Sonra Moldovaya yollanıb. İnternetdə axtaranda “Milisami”, “Rapid” kimi klublara məxsus olması barədə xəbərlərə rast gəlmək mümkündür. Barəsində doğru-dürüst məlumat tapmaq çətin məsələdir, adamın “wikipedia”da hesabı belə yoxdur.

Hazırda Litva çempionatında çıxış edən “Tauras”ın 72 nömrəli üzvüdür. Bu qədər. Nəbiyevin klub karyerası barəsində danışmaq lüzumsuzdur, bu cür həvəskarlar dünyanın dörd-bir yanında var.

İndi keçək milli karyerasına. Şahin Diniyevin vaxtında millimizə çağırılsa da, məşqlərdə sıradan biri olduğu məlum olunca, bir daha dəvət göndərilməyib. Gəl ki, AFFA ondan əl çəksə də, o, uzun müddət yığmamızın yaxasını buraxmayıb.

Nəhayət, ötən il AFFA-nın baş katibi Elxan Məmmədova ərizə yazıb ki, bəs Tacikistan əsilli olduğu üçün Tacikistan millisində çıxış etməsinə icazə versinlər. Cavab müsbət olsa da, heç taciklər də Nəbiyevin xidmətində maraqlı olmayıblar. İndi də düşüb ortalığa ki, Qırğızıstan yığmasından dəvət almışam. Lap yaxşı, yolun açıq olsun. Daha AFFA-dan nə istəyirsən?

Berti Foqst milliyə layiq olan futbolçuları götürmür, yaxşı qohumum olsaydı mən də Azərbaycan yığmasından oynayardım – bu kimi açıqlamalara nə gərək var? Axı sən heç peşəkar futbolçu statusuna layiq deyilsən. Heç barəndə yazı yazmaq, davranışını tənqid etmək də istəməzdik. Bu ilk və son olsun.

Get, özünə sənət tap!

İLKİN