“Ruslan Abışovun heyətə düşmək üçün mübarizə aparması çətindir”
04.10.2013 - 10:30
“Ruslan Abışovun heyətə düşmək üçün mübarizə aparması çətindir”
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov uzun fasilədən sonra heyətində yer aldığı Rusiya “Rubin”ində özünü yaxşı tərəfdən göstərə bilməyib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Belçika təmsilçisi “Zulte Varegem”lə görüşdə meydana start heyətində çıxan müdafiəçi rusiyalı həmkarlarımızda müsbət fikir formalaşdıra bilməyib.

Belə ki, qarşılaşmanın doğurduğu 5 məqamı vurğulayan şimallılar onun meydanda peyda olmasına münasibəti “Azərbaycan futbolu şənlik edir” kimi dəyərləndirib.

Həmkarlarımız Abışovla bağlı fikirlərində onun bundan sonra da meydana çıxmaqla bağlı problem yaşayacağını iddia edirlər: “Azərbaycanda Ruslan Abışovu ölkənin ən güclü futbolçusu hesab edərək, Kazandakı karyerasını diqqətlə izləyirlər. Buna baxmayaraq, 2013-cü ilin əvvəlində “Rubin”də peyda olandan öz millisinin müdafiəçisi demək olar oynamır. “Zulte Varegem”lə qarşılaşmada müdafiəçi 2-ci dəfə Tatarıstan təmsilçisinin start heyətində yer aldı. Azərbaycanlı meydandakı ümumi mənzərəni korlamadı, öz sol cinahında xətaya yol vermədi. Hərçənd, məşqçi tapşırığına əsasən hücumlara da demək olar qoşulmadı. Futbolçunun vətənində çox razı qalmalıdırlar. Amma komandanın heyətində Kris Mavinqa ilə mübarizə aparmaq Abışov üçün hələ də kifayət qədər çətindir”.

Qeyd edək ki, “Rubin”in 4:0 hesabı ilə qalib gəldiyi matçda 73 dəqiqə oynayan Ruslan Rusiya Premyer Liqasının cari mövsümündə hələ də meydana çıxmayıb.