Kimin “Neftçi”si güclüdür: Hacıyevin, yoxsa Əhmədovun?
04.10.2013 - 14:51
Kimin “Neftçi”si güclüdür: Hacıyevin, yoxsa Əhmədovun?
Bakının “Neftçi” klubunun nəticələrində ötən mövsümlə müqayisədə ciddi fərq yoxdur. Apasport.az saytının məlumatına görə, ilk 8 turda 15 xal toplayan “ağ-qaralar” ötən il eyni sayda oyunda elə bu qədər xal yığmışdı.

Böyükağa Hacıyevin rəhbərliyi altında keçilən həmin bölümdə bakılılar 5 qələbə qazanmış və 3 dəfə uduzmuşdular. Lakin Tərlan Əhmədovun başçılığı altında yalnız 1 dəfə uduzan, daha 3 dəfə heç-heçə edən komanda ötən çempionatdakından az – 4 qələbə qazanıb. Bir sözlə, hər 2 çempionatda ilk 8 tur 15 xalla bitib.

Düzdür, məhsuldarlıq çox aşağı düşüb. 1 il əvvəl startdakı 8 matçda 15 qol vuran komanda indi yalnız bunun 2/3-ni bacarıb – 10 qol. Amma bunda da Əhmədov yox, Hacıyev günahkardır. Məhz o, ötən mövsümün bombardiri Nikolas Kanaleslə müqavilənin uzadılmamağına təkid etmədiyindən çilili ölkəmizi tərk etmişdi. “Ağ-qaralar”ın Kanalessiz qol vurmasının nə qədər çətin olduğunu isə hamı görür.

Komandanın baş məşqçi postuna müstəqil Azərbaycan futbol tarixinin ən yaxşı müdafiəçilərindən olan Əhmədovun Hacıyevi əvəzləməsi ilə qapının toxunulmazlığında da tərəqqi göz oxşayır. Komanda ötən ilki 8 oyunda 10 qol buraxmışdısa, bu dəfə bundan 2 dəfə az – cəmik 5 qol buraxıb. Bunun da 3-ü “Bakı” ilə qarşılaşmaya təsadüf edir. Saşa Stamenkoviç artıq 5 “quru” oyun keçirib. Lakin həm indi, həm 1 il əvvəl top fərqi 5-ə bərabər olub.

Qeyd edək ki, Əhmədovla Hacıyevin “Neftçi”sini tutduğu mövqeyə görə müqayisə etmək düzgün alınmır. Çünki indi bakılılar 8 turda 8 oyun keçirib. Ötən mövsüm isə bir neçə matçı təxirə salındığından “ağ-qaralar” 8-ci oyununu 11-ci turda, başqaları I dövrəni bitirəndə keçirmişdi.