Denis Silva: Onları xatırlamağa ehtiyac yoxdu - MÜSAHİBƏ
05.10.2013 - 23:00
Denis Silva: Onları xatırlamağa ehtiyac yoxdu - MÜSAHİBƏ
Topaz Premyer Liqasının I dövrəsinin son turunda səfərdə “Qəbələ”nin qonağı olan “Neftçi” əzmkar qələbə qazandı – 2:1. Oyunun gedişində hesabda geri düşən paytaxt təmsilçisi sonradan iki qol vurmaqla aktivinə növbəti 3 xalını yazdırdı. Matçdan sonra “Neftçi”nin müdafiəçisi Denis Silva apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Təbii ki, iki güclü komanda qarşılaşdığından çətin oyun oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Azarkeşlərin maraqlı oyunun şahidi olduğunu düşünürəm. Çox şükürlər olsun ki, qələbəni biz qazandıq.

- Buraxılan qolda müdafiə xəttinin nə dərəcədə səhvi var idi?
- Bəli, buraxılan qolda səhvimiz var idi. Bir-birimizi başa düşmədik. Nəticədə rəqib bundan faydalandı.

- “Neftçi” oyuna ehtiyatlı başladı. Hətta ilk yarım saat ərzində demək olar heç nə ilə yadda qalmadınız. Bu qədər ehtiyatlı davranmağınız nədən irəli gəlirdi?
- Səfərdə oynayırdıq. Rəqibin kifayət qədər azarkeşi var idi. Onlar öz meydanlarında oynadığından qələbə qazanmaq istəyirdi. Futbolda da bu normaldır.

- Artıq cari çempionatın I dövrəsi başa çatdı. Arxada qalan IX turla bağlı nə deyə bilərsiniz? “Neftçi” məqsədinə nail oldumu?
- Birinci dövrə pis keçmədi. Turnir cədvəlinin zirvəsindəyik. Yaxşı oynadıq. Özümüzü qarşıdakı görüşlərə hazırlamalıyıq. Çünki fasilədən sonra çətin oyunlarımız var.

- Hansı oyunlarda itirilən xallar təəssüf doğurur?
- Gözləmədiyimiz xal itkiləri oldu. Ancaq onları xatırlamağa ehtiyac yoxdur. Gələcək haqda düşünməliyik.

- Mövsümün əvvəlindən bu yana İqor Mitreski, Elvin Yunuszadə, Tərlan Quliyev və Kardosa ilə tandemlər təşkil etdiniz. Hansı futbolçu ilə oynamaq rahatdır?
- Hər biri ilə. Xüsusi fərləndirmək istəmirəm. Mənim üçün hamısı eynidir. Sadəcə, kiminlə oynayacağım haqda baş məşqçi qərar verir.

- Ötən mövsümlə müqayisədə rəqibləriniz arasında hansı komandanın gücləndiyini deyə bilərsiz?
- Hamısı güclənib. İndi çempionatda zəif rəqib yoxdur.

- Fərqləndirmək istədiyiniz komanda yoxdur?
- İlk “5-lik”dəki komandaların hamısı güclüdür. “Bakı”, “Qarabağ”, bu gün qarşılaşdığımız “Qəbələ” bu siyahıya daxildir.