“Cinah oyunçuları geri qayıtmırdılar” - MÜSAHİBƏ
05.10.2013 - 23:02
“Cinah oyunçuları geri qayıtmırdılar” - MÜSAHİBƏ
Topaz Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edən “Qəbələ” 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Qəbələ təmsilçisinin müdafiəçisi Elnur Allahverdiyev apasport.az saytının suallarını cavablandırıb.

- Oyuna yaxşı başlasanız da məğlub oldunuz. Bunu nə ilə izah edə bilərsiniz?
- Həqiqətən də birinci hissədə pis oynamadıq. Lakin fasilədən sonra sanki komandada yorğunluq yaranmışdı. Xüsusilə, yarımmüdafiə xətti oynamırdı. “Neftçi”də isə əksinə, əminlik yaranmışdı. Top saxladılar. Əgər birinci hissədəki kimi oyunumuzu davam etdirsəydik, nəticə fərqli olacaqdı.

- Qoldan sonra müdafiəyə meylli oynamağa başladınız. Bu həlledici məqam ola bilərmi?
- Tam müdafiəyə çəkilmədik. Qoldan sonra Mendinin də real qol epizodu oldu, ancaq istifadə edə bilmədi. Biz isə onları əks-hücumlarda yaxalamaq istəyirdik. Fikrimcə, bu düzgün olmadı.

- Əks-hücum taktikası baş məşqçinin tapşırığı idi?
- Baş məşqçinin tapşırığı deyildi. Bilmirəm, niyə arxaya çəkildik. Cinah oyunçuları geri qayıtmırdılar. Onlar müdafiəyə kömək etmirdilər. Top əllərinə keçəndə aldatmağa üstünlük verirdilər.

- Yəni, fərdi oyuna meylli idilər...
- Bəli, fərdi oyuna üstünlük verdilər. Belə olmaz. Futbol kollektiv oyundur. Belə şeylərə diqqət yetirmək lazımdır.

- Bu, həm də I dövrənin son matçı idi. Komandaya gec qoşulsanız da, “Qəbələ”nin I dövrədəki çıxışını necə dəyərləndirə bilərsiniz?
- Ümumi götürdükdə, pis deyil. Ancaq evdə uduzmamalı idik. Komanda doğma meydanda daha yaxşı oynamalıdır. Bu, adama pis təsir edir. Çünki azarkeşlərimiz qarşısında oynayırıq.

- Yığmanın oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilənin “Qəbələ”nin işinə yarıyacağını gözləmək olarmı?
- Əlbəttə, yarıyacaq. Məğlubiyyət analiz ediləcək. Futbolda udmaq olduğu kimi, uduzmaq da var. Ancaq evdə yox. Hər cür şərait yaradılıb. Yaxşı futbol oynamağa borcluyuq. Bu cür şəraitin qarşılığında başqa bəhanə axtarmamalıyıq. Çünki itirilən xallar bizə sonda çox lazım olacaq.

- Yığmanın düşərgəsinə yollanırsız. Yorğun deyilsiniz?
- Xeyr, yorğunluq yoxdur. Hələ cavanıq, oynayan vaxtımızdır. Qarşıda iki çətin oyunumuz var. Yorğunluğu bəhanə gətirmək olmaz.