“Top “Rəvan”ın qapısına girmək istəmədi”
06.10.2013 - 09:17
“Top “Rəvan”ın qapısına girmək istəmədi”
“Xəzər Lənkəran”ın braziliyalı qapıçısı Duqlas Leyte Topaz Premyer Liqasının IX turunun “Rəvan”la görüşündən (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Sonuncu dəfə “Fənərbaxça” ilə yoxlama görüşündə meydanda olmuşdunuz. “Rəvan”la qarşılaşmada “Xəzər Lənkəran”da ilk rəsmi matçınıza çıxdınız. Təəssüratlar necədir?
- Hər bir futbolçu meydanda olarkən özünü yaxşı hiss edir. Əvvəl-axır hansısa bir matçda oynayacaqdım ki, bu da “Rəvan”la matça təsadüf etdi. Ancaq çox təəssüf ki, debüt matçımda komandam yenə qələbə qazana bilmədi. Çalışdım ki, 3 xal qazanmaqda mənim də rolum olsun.

- Debütünüzün belə uzun – 8 turluq fasilədən sonra baş tutacağı heç ağlınıza gələrdimi?
- Bizim işimiz yaxşı hazırlaşmaq və hər an oyuna hazır olmaqdır. Oyunçuları isə meydana buraxan məşqçidir. Biz meydana çıxmaq üçün zamanımızı gözləməliyik. Yenə mənə şans verilsə, “Xəzər Lənkəran” üçün əlimdən gələni edərəm.

- Çıxışınızı necə dəyərləndirirsiniz?
- Buna azarkeşlər cavab versə, yaxşı olar.

- “Rəvan”la oyun haqqında nə deyə bilərsiniz?
- Matçın əvvəlindən sonuna kimi topa nəzarət etdik. Rəqibdən çox üstün oynadıq. Ancaq təəssüf ki, top “Rəvan”ın qapısına girmək istəmədi. Səviyyəli futbolçularımız var. Ancaq bəxtsizlikdən onlar da rəqibə qol vura bilmirdi. Düşünürəm ki, zamanı gələcək, bu problem də aradan qalxacaq.

- Komandanız cari mövsüm qeyri-sabit qrafik cızır. Qələbə qazana bilməməyinizi yalnız bəxtsizlikdə görürsünüz?
- Futbolçular həmişə bir yerə yığılanda bu haqda söhbət edirik. Müzakirə etməklə bunun səbəblərini öyrənməyə çalışırıq. Qeydə alınan nəticələr də komandada sabitliyin çatışmadığını göstərir. Milli komandaların oyunları ilə əlaqədar olaraq 2 həftəlik fasilə olacaq. Bu müddətdə də çalışacağıq ki, həmin problemi yoluna qoyaq.

Səbuhi TOFİQOĞLU