Şahin Diniyev “Rəvan”da?
06.10.2013 - 13:32
Şahin Diniyev “Rəvan”da?
Bakının “Rəvan” klubunun baş məşqçi postuna gətirmək istədiyi mütəxəssisin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IX turunun “Xəzər Lənkəran”la oyunundan sonra Vladislav Qədirovu istefaya göndərən paytaxt təmsilçisi Şahin Diniyevi baş məşqçi təyin etməyə yaxındır.

Tərəflər danışıqları müsbət yekunlaşdırsa Azərbaycan milli komandasının sabiq futbolçusu və baş məşqçisinin təyinatı yaxın zamanda rəsmiləşməlidir. Bununla da Diniyev klubun tarixində yeni baş məşqçi olacaq. Əvvəllər eyni məşqçiləri bir neçə dəfə bu posta gətirən “Rəvan”ın yenə Bəhmən Həsənova tapşırılacağı gözlənilirdi. Lakin bakılılar çoxdandır işsiz qalan Diniyevə üstünlük verib.

2008-ci ilin noyabrından 2010-cu ilin noyabrına qədər Rusiyanın “Terek” klubunda əvəzedici komandanın baş məşqçisi, əsas komandada məşqçi, sonda isə baş məşqçi əvəzi kimi çalışan mütəxəssis 3 il idi heç yerdə çalışmırdı. Diniyev 2001-ci ildə çalışdırıcılıq karyerasına da Qroznı təmsilçisində başlayıb. Bundan sonra 2001-04-cü illərdə “Qarabağ”, 2004-05-ci illərdə “Kəpəz”i çalışdıran mütəxəssisin ölkəmizdə son iş yeri Azərbaycan millisi olub. Diniyev 2005-07-ci illərdə yığmamıza rəhbərlik edib.

Qeyd edək ki, “Rəvan” cari mövsümdə artıq 2 baş məşqçini – Ramil Əliyevlə Qədirovu yola salıb.