“Qarabağ”da yeni qapıçı
06.10.2013 - 15:01
“Qarabağ”da yeni qapıçı
Topaz Premyer Liqasının lideri Ağdamın “Qarabağ” klubu heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Miro Varvodiç və Fərhad Vəliyev kimi 2 güclü qapıçısı olan komanda heyətinə daha bir qolkiper qatmaq fikrindədir.

Belə ki, Ağdam təmsilçisi qışda heyətinə qatmaq üçün indidən qapıçı tapıb. Bu isə Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçdir. 2010-cu ildə debüt etdiyi milli komandada 3 oyun keçirən 25 yaşlı əlcək sahibi “Qarabağ” rəhbərliyinin maraq dairəsindədir.

1,90 m boya malik balkanlı qapıçının son klubu Türkiyə təmsilçisi “Mersin İdman Yurdu”dur. Bunadək vətənində, yalnız bir klubun - “Jelezniçar”ın formasını geyən İbrahim 2011-ci ildə Mersin təmsilçisinə keçib.

Bu klubla 5 ilik müqavilə imzalayan qolkiper əsas heyətə düşməkdə müəyyən çətinliklər yaşayıb. O qədər də çox oynamamasına baxmayaraq, azarkeşlərin sevimlisinə çevrilən bosniyalı “İbo” ləqəbinə layiq görülüb.

Lakin sonradan klubla münasibətlərində problem yaranan qapıçı vətəninə yollanıb. Klubu ilə müqaviləsi olduğundan təxminən yarım ildir heç harda oynamayan milli qapıçısı Ağdam təmsilçisində peyda olmaq variantı böyükdür. Belə ki, artıq futbolçunun vətənində də çoxları onu “Qarabağ”ın oyunçusu hesab edir. Hətta “İbo”nun indidən “Qarabağ” forması ilə poza verməsi də Bosniya və Herseqovina mətbuatına sızıb. Həmkarlarımız futbolçunun təmsilçimizlə artıq müqavilə imzaladığını və onun Avropa Liqasının pley-off mərhələsində yaxşı təsir bağışlamayan Varvodiçi əvəzləyəcəyini iddia edir.