“O vaxt “Xəzər Lənkəran” çempionluğa oynayırdı, amma indi...”
07.10.2013 - 08:40
“O vaxt “Xəzər Lənkəran” çempionluğa oynayırdı, amma indi...”
“Rəvan”ın slovakiyalı mərkəz müdafiəçisi İvan Pexa Topaz Premyer Liqasının IX turunun “Xəzər Lənkəran”la görüşündən (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- “Xəzər Lənkəran”la oyun sizin üçün çətin keçdi. Fikirlərinizi bilmək istərdik...
- Həqiqətən də bizim üçün çox çətin idi. Bununla belə, “Xəzər Lənkəran” kimi güclü rəqib önündə başımızı uca tutduq. İlk dəqiqələrdən qalib gəlmək istəyimiz özünü göstərdi. Qol vurduq. Ancaq fasilədən sonra rəqib bizdən üstün oyun nümayiş etdirdi. Bunun nəticəsində qapımızda qol gördük və 3 xalı əldən verdik.

- Bir epizodda rəqib futbolçular hakimdən penalti tələb edirdi. Siz müdafiənin mərkəzində oynayan futbolçu kimi deyə bilərsinizmi, orda top Sahib Savankulovun əlinə dəymişdimi?
- Mən rəqib oyunçuların hakimə tərəf qaçdığını gördüm. Ancaq dəqiq deyə bilmərəm ki, top ələ toxunmuşdu, yoxsa yox. Çünki onda mən bir qədər öndə idim. Gəlin, bunu hakimin vicdanına yazaq.

- 4 turdur qələbə qazana bilmirsiniz. Heyətinizdə təcrübəli futbolçular olsa da, autsayder imicindən çıxa bilmirsiniz...
- Gəlin, belə deyək. Biz bu 4 turda qələbə qazana bilməsək də, güclü komandalarla oyunlarda yaxşı çıxışla yadda qalmışıq. Yalnız “Qəbələ” ilə matçda zəif çıxış etdik. Ancaq “Xəzər Lənkəran” kimi güclü komandadan, eləcə də çempionluğa oynayan “Qarabağ” və AZAL-dan 1 xal qazanmaq sizə asan bir iş kimi gəlməsin.

- 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmisiniz. Sabiq komandanıza qarşı oynamaq necə hisslər idi?
- İlk dəfə bu komandaya qarşı çıxış etdim. Bir müddət şərəfini qoruduğun komandaya qarşı oynamaq xüsusi hisslərdir. Mənim oynadığım komandadan yalnız Rahid Əmirquliyevlə Radomir Todorov qalıb. Digərləri yenidir. Rahid və Todorovla oyundan qabaq görüşmüşdüm.

- O vaxtkı “Xəzər Lənkəran”la indiki arasında hansı fərqlər var?
- Öncə onu deyim ki, Azərbaycan futbolu 3 il əvvəllə müqayisədə yüksəliş dövrü keçib. Bura ikinci qayıdışımda səviyyəli oyunçuların və təcrübəli məşqçilərin ölkənizdə olduğunu gördüm. Sabiq komandama gəlincə, məncə, o dövrkü heyət daha təcrübəli idi. Təsəvvür edin ki, O vaxt “Xəzər Lənkəran” çempionluğa oynayırdı, amma indiki komanda turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb. Məncə, fərq ortadadır.

Səbuhi TOFİQOĞLU